Yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük orqanlarında tədbirlər keçirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Balakən, Tovuz və Astara gömrük idarələrində və Kinoloji mərkəzdə keçirilən tədbirlərdə bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Qeyd edilib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərində müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilməyib. Xalqımız qanı bahasına da olsa öz istəyinə - azadlıq və müstəqilliyinə qovuşub və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
Bundan başqa, DGK Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə “Şəhidlərin əziz xatirəsini hörmətlə anırıq” şüarı altında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankında keçirilən aksiyada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları və həkim-rezidentlər iştirak ediblər.