AZ

Davos görüşü və enerji diplomatiyası: Bakı–Ərbil xəttində yeni geosiyasi mərhələ

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb. Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb. Görüşdə iqtisadi, ticari, mədəni və humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bakı ilə Ərbil arasında son illərdə münasibətlər inkişaf etdiyi kimi, təmaslar da artıb. 2023-cü ilin 18 fevralında Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani görüşmüş, Azərbaycana səfərə dəvət etmişdi. Neçirvan Bərzanidə öz növbəsində 2023-cü ilin iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdi. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşməsi diplomatik təmasların uğurlu inkişafının növbəti təzahürüdür.

Məsləyə daha spesifik baxsaq, İraq Kürdüstanı ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi sahədə geniş əlaqələr var.

Xüsusilə Bakının geopolitik enerji siyasətində bu region çox vacibdir. Məsələ ondadır ki, İraq Kürdüstan Regionu neft və qaz yataqları ilə zəngindir. Azərbaycan isə regionda meqalayihələr icra edən, həmçinin Avropa bazarında çəkisi günbəgün artan bir ölkədir. Rəsmi Bakı TANAP və TAP boru kəmərləri ilə, başda İtaliya olmaqla, bir çox Avropa Birliyi üzvü ölkələrə enerji nəql edir.

Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin üzləşdiyi enerji böhranı rəsmi Bakıya olan diqqət və marağı artırıb. Azərbaycan Avropa bazarına neft və qaz nəql etsə də, bu, Rusiyanın nəql etdiyi enerji ilə müqayisədə daha azdır. Qərbin tələblərinin artdığı bir zamanda Azərbaycan regionun digər enerji ehtiyatları ilə zəngin ölkələr və muxtar respublikalarla təmaslar qurur. İraq Kürdüstanı ilə təmaslar da bu baxımdan önəmlidir.

Azərbaycan rəsmi Ərbilin enerji resurslarının mövcud TANAP və TAP layihəsi ilə Avropa bazarına çıxarılmasını təklif edir. Son illərdə isə bu istiqamətdə real işlər görülür. Bakının indiki mərhələdə əsas hədəflərindən biri isə perspektivdə yeni layihələrin icrasıdır. Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında sülh danışıqları uğurla icra edilir. Hətta bir müddət öncə Azərbaycan Ermənistanla enerji məhsullarının ilk satışını həyata keçirib. Bakı bu tendensiyanın davam etməsini istəyir. Daha dəqiq desək, Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra bu ölkənin ərazisindən Naxçıvana, oradan isə Türkiyəyə çəkiləcək yeni boru kəmərlərinin reallaşmasını nəzərdə tutur. Bu layihə icra olunsa, İraq Kürdüstanı daha qısa və az xərclə enerji resurslarını Avropa bazarına çıxara bilər.

Təbii ki, Ərbil-Bakı münasibətlərinin siyasi tərəfləri də mövcuddur. Məlumdur ki, Yaxın Şərqdə, xüsusilə Suriyada kürd aktivliyi intensivləşir. Suriya hökumət qüvvələri ilə YPG/SDQ arasında yeni, 14 maddədən ibarət atəşkəs imzalanmış olsa da, proses hələ də riskli olaraq qalır. Ərbilin dəstəyi olmadan Suriyada kürdlər istədiklərinə tam nail ola bilməz.

Bakı bu prosesi yaxından izləyir. Təsadüfi deyil ki, 20 yanvar 2026-cı il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan telefon danışığında bu məsələ öz əksini tapıb. Danışıqlarda regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Bu, Bakının yalnız öz maraqlarını qorumaqla kifayətlənmədiyini, həm də Türkiyə ilə strateji koordinasiyanı gücləndirdiyini göstərir. Bakı xüsusilə Kürdüstanla əlaqələri intensivləşdirərək, bir tərəfdən potensial təhlükələri izləyir və bloklamağa çalışır, digər tərəfdən isə regionun siyasi konfiqurasiyasında söz sahibi olmaq üçün öz rolunu möhkəmləndirir.

Politoloq Turan Rzayev

 

Seçilən
112
nocomment.az

1Mənbələr