Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib.
“Avrasiya Söhbətləri” proqramında çıxış edən dövlətimizin başçısı qlobal beynəlxalq sistemdə baş verən dəyişikliklər, güc amilinin artan rolu, milli maraqların qorunması və Azərbaycanın yeni dünya reallıqlarına uyğunlaşma strategiyası barədə fikirlərini bölüşüb. Prezident İlham Əliyev bildirib ki, bu gün beynəlxalq münasibətlərdə artıq qanunun aliliyindən çox güc qaydası ön plana çıxır və bu şəraitdə hər bir ölkə öz potensialına uyğun siyasət yürütməlidir. Azərbaycan da məhz bu yanaşma ilə regional və qlobal səviyyədə balanslı münasibətlər qurmağa nail olub.
Müsahibədə Cənubi Qafqazda sülh prosesinə xüsusi toxunan Prezident İlham Əliyev son aylarda regionun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin artıq əməkdaşlıq müstəvisinə keçdiyini, nəqliyyat və enerji sahəsində məhdudiyyətlərin aradan qaldırıldığını bildirib və məqsədin Qafqazda əbədi sülhə nail olmaq olduğunu qeyd edib.
Prezident İlham Əliyev müsahibə zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə verilən yüksək qiymət kimi dəyərləndirib.
İran ətrafında baş verən proseslərə münasibət bildirən dövlətimizin başçısı Azərbaycanın regionda sabitlik və təhlükəsizliyə xüsusi önəm verdiyini, enerji bazarlarında isə mövcud vəziyyətin sabit və proqnozlaşdırıla bilən olduğunu diqqətə çatdırıb.
Enerji məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazın əsas enerji təminatçısı olduğunu, hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqına üzv 10 ölkəyə təbii qaz ixrac etdiyini bildirib. O, Azərbaycanın boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada birinci yerdə olduğunu vurğulayıb.
Avropa Parlamentinin Azərbaycana qarşı tənqidlərinə münasibət bildirən Prezident İlham Əliyev bu qurumun qərəzli mövqeyinə artıq reaksiya verilmədiyini, əməkdaşlığın isə Avropa Komissiyası ilə davam etdirildiyini qeyd edib.
Müsahibədən sonra dövlətimizin başçısı Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes dairələrinin nümayəndələrinin suallarını cavablandırıb.