AZ

Qurban Qurbanov: “Baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında “Ayntraxt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya klubları arasındakı görüş sabah Bakıda baş tutacaq.

Qurban Qurbanov matçdan öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu oyuna hazırlaşmağa çox vaxtımız olmadı. Amma istirahət edə, oyuna daha sakit hazırlaşmağa imkanımız oldu. Az vaxtdan səmərəli istifadə etdik. Çalışdıq ki, futbolçularımızı bu oyuna fiziki cəhətdən hazırlayaq. Bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Futbolçularım çox istəkli və intizamlı idilər. İnanıram ki, sabah meydanda çox intizamlı kollektiv görəcəyik. Rəqibin düşərgəsində bəzi dəyişikliklər olub. Bu, bizə mane olan amillərdəndir. Komanda daha yığcam, daha istəkli və daha intizamlı olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

“Ayntraxt” yanvardan bu yana 3 matça çıxıb, fərqli sistemdə oynayırdılar. Matçın gedişatında fərqli hücumlar qururdular. Hər oyunda bir cür müdafiə olunurdular. Ona uyğun işimizi aparırdıq. Amma oyun ərəfəsində baş məşqçilərini dəyişdilər. Bu üzdən sabah necə olacağını dəqiq bilmirik. Meydanda o qədər diqqətli olmalıyıq ki, gedişatların qarşısını alaq, ya da öz gedişatımızı daha da yaxşılaşdıraq. Bir neçə dəfə belə halla qarşılaşmışıq, rəqibin baş məşqçisi dəyişib. Sona qədər intizamlı oynasaq, diqqətli olsaq, problem olmalı deyil. Bəli, “Ayntraxt” təcrübəli rəqibdir, özünəməxsus alman intizamı var, bunlar öz yerində. İnanıram ki, sabah öz oyunumuzu əvvəlki matçlardan daha yaşı oynasaq, uğur əldə edə bilərik. Amma baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu və fikirlərimiz qarışdı”.

“Bu tempi qoruyub-saxlasaq, 3 yox 5 qələbəmiz olacaq” – Qurban Qurbanov

Qurban Qurbanov rəqib düşərgədəki problemlərə görə komandasında mümkün arxayınlaşma barədə sualı isə belə cavablandırıb:

“Çempionlar Liqasının çəkisi çox ağırdır. Avropadan gələn komandanın problemi var deyə arxayın olmağı qəbul etmirəm. Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir. Rəqibin seçimləri çoxdur. İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçuları var. Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər. Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik. Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var. Sadəcə, işin gedişatıdır. İllər boyu belə təkrarlanır. İstər bizim liqada, istərsə də digər liqalarda belə halların şahidi olmuşuq. Bu tip klublar buna hazırdır. Klubu bir nəfər idarə etmir. Elə sistem qurublar ki, buna hazır olduqda belə addım atırlar. Əsas məsələ odur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli komanda görəcəyik. Həmişə istəmişəm ki, öz oyunumuzu oynayaraq, qalib gələk ki, belə hallarda hansısa problemimiz olmasın. Antalyadakı hazırlığı, düşüncəni, əminliyi meydanda göstərə bilsək, yaxşı oyun göstərə və yaxşı nəticə əldə edə bilərik. Rəqib Bundesliqa klubudur. Onlara böyük qiymət veririk. Şans varsa, niyə istifadə etməyək? Bu fikirlə oyuna fokuslanacağıq. Biz çox şey deyə bilərik, amma meydanda onları həyata keçirən futbolçularım, döyüşçülərimdir. Yaxşı, texnikalı oyuna baxa biləcəksiniz. Futbolçularımı ona fokuslamışam ki, öz oyunumuzla qalib gələk. Bu cür davam etsək, qarşıdakı vaxtlarda tempi qoruyub-saxlasaq, 3 yox 5 qələbəmiz olacaq”.

Qurban Qurbanov mümkün transferlə də bağlı danışıb: “Gözlənti çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer olmalıdır. Danışıqlar davam edir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
57
24
arena.az

10Mənbələr