AZ

Bubakar Kamara mövsümü erkən bitirdi – ARENA.AZ

Fransa millisinin və İngiltərənin “Aston Villa” klubunun dayaq yarımmüdafiəçisi Bubakar Kamara uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Birmingem təmsilçisinin yarımmüdafiəçisi dizindən aldığı ağır zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub. 26 yaşlı fransalı futbolçu İngiltərə Kubokunun 3-cü mərhələsində qarşılaşdıqları “Tottenhem”lə matçın (2:1) əvvəlində sıradan çıxıb. İlkin müayinələr zamanı onun 2-3 həftəyə sıraya dönəcəyi ehtimal edilsə də, əlavə testlər bərpa prosesinin aylarla davam edəcəyini təsdiqləyib.

Qeyd edək ki, bu, Kamaranın klubdakı ikinci ciddi zədəsidir. O, 2024-cü ilin fevralında dizin çarpaz bağlarını qırmış və 8 ay futbolsuz qalmışdı. Bu mövsüm Premyer Liqada 17 oyunda start heyətində yer alan dayaq yarımmüdafiəçisinin yoxluğu baş məşqçi Unai Emerinin komandasının UEFA Çempionlar Liqası yolunda ciddi itki kimi qiymətləndirilir.

Əslən Seneqaldan olsa da, Fransada dünyaya göz açmış Bubakar Kamara Marsel “Olimpik”inin yetirməsidir. O, 2022-ci ildə Fransa klubundan azad agent kimi ayrılaraq “Aston Villa”ya keçib. Bubakarın “Aston Villa” ilə müqaviləsi 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Yarımmüdafiəçi bu komandanın heyətində 123 oyunda meydana çıxıb, 3 qol və 6 ötürmə ilə fərqlənib.

Bubakar Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2022-ci ildə əsas millidə debüt edib. O, Fransa yığmasında 5 oyun keçirib.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
12
5
arena.az

10Mənbələr