AZ

Şəhid kimi anılması müzakirələrə səbəb oldu: "Sağ qayıtsaydı həbs ediləcəkdi" - VİDEO

2 il əvvəl Rusiya ordusunun tərkibində Ukraynaya qarşı vuruşaraq vəfat etdiyi deyilən azərbaycanlı Əhmədov Orxan Nifatlı oğlunun məzarı müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, buna səbəb onun məzarı başında çəkilən görüntülər olub.

Belə ki, 2024-cü ilin 28 avqustunda Ukraynanın Donetsk vilayətində dron hücumu nəticəsində vəfat edən O.Əhmədovun məzarının üzərində “şəhid” sözü qeyd edilib.

Ailəsi O.Əhmədovun məzarını bayraqlarla bəzəyib və onu təmtəraqla yad edib.

“GünazTV”nin redaktoru Orxan Atabəy isə hesab edir ki, O.Əhmədovun məzarı üzərində “şəhid” sözünün qeyd edilməsi düzgün deyil:

“Allah rəhmət eləsin, günahlarını bağışlasın, amma bu adam şəhid deyil. Rusiya adına vuruşan şəhid ola bilməz. Bu, təkcə mənəvi baxımdan yox, Allah qarşısında, Konstitusiyamız qarşısında və tarix qarşısında ağır bir cinayətdir.

O sağ qayıtsaydı, Azərbaycanda məhkəmə qarşısına çıxıb həbs ediləcəkdi.

İşğalçılara qarşı canını verən şəhidlərimizin yanında, işğalçı tərəfdə döyüşmüş birini eyni adla torpağa tapşırmaq onların ruhuna açıq-aşkar hörmətsizlikdir”,- deyə o söyləyib.

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində “şəhid” anlayışı aşağıdakı kimi təsvir edilib:

“Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir”.

Yəni qanunvericiliyə əsasən, O.Əhmədova şəhid statusu verilməyib və onun şəhid adlandırılması doğru deyil.

Qeyd edək ki, O.Əhmədov sentyabrın 7-si isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində dəfn edilib.

Billurə

Seçilən
125
15
olke.az

10Mənbələr