AZ

Trampın Davos çıxışından əsas məqamlar

ABŞ Prezidenti qlobal iqtisadiyyat, geopolitika və milli təhlükəsizliklə bağlı sərt mesajlar verib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı dünya iqtisadiyyatında mövcud vəziyyət, beynəlxalq münasibətlər və ABŞ-nin milli təhlükəsizlik prioritetləri ilə bağlı mövqeyini açıqlayıb. O, ABŞ siyasətinin qlobal gələcəyin formalaşmasında həlledici rol oynadığını vurğulayıb.

Donald Tramp çıxışına Avropanın hazırkı siyasi və iqtisadi kursunu tənqid etməklə başlayıb. Onun sözlərinə görə, “Avropa düzgün istiqamətdə irəliləmir” və bir çox dünya liderləri qlobal iqtisadiyyatda yaranan ciddi problemləri ya dərk etmir, ya da onları görməzdən gəlir. Tramp bildirib ki, ABŞ hələ də “planetin iqtisadi mühərriki” olaraq qalır və “Amerika çiçəklənəndə, bütün dünya çiçəklənir”.

ABŞ Prezidenti Venesueladakı vəziyyətə də toxunaraq, Vaşinqtonun bu ölkədə iqtisadi durumun yaxşılaşdırılmasına yönəlmiş addımlar atdığını qeyd edib. Trampın sözlərinə görə, iri neft şirkətləri yaxın vaxtlarda Venesuelada fəaliyyətə başlayacaq. O, idarəetmə problemlərinə baxmayaraq, Venesuelanı “böyük ölkə” adlandırıb və bildirib ki, ölkə qarşıdakı altı ay ərzində son 20 ildə qazandığından daha çox gəlir əldə edəcək.

Çıxışın əsas mövzularından biri Qrenlandiya olub. Tramp bu geniş, demək olar ki, tamamilə məskunlaşmamış və işlənməmiş adanın ABŞ, Rusiya və Çin arasında strateji əhəmiyyətli mövqedə yerləşdiyini vurğulayıb. Onun sözlərinə görə, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi baxımından “əsas maraq zonasıdır” və Şimali Amerikanın bir hissəsi kimi Qərb yarımkürəsinin şimal sərhədində yerləşir. Tramp Qrenlandiyanın əldə edilməsinin vacibliyini qeyd edərək, bunun ABŞ-ni qorumaq üçün həlledici əhəmiyyət daşıyan “Qızıl raket qalxanı”nın yaradılmasına imkan verəcəyini bildirib. “Qrenlandiya bizim ərazimizdir və onu yalnız biz qoruya bilərik”, deyə ABŞ prezidenti vurğulayıb.

Donald Tramp həmçinin xarici siyasət sahəsində öz administrasiyasının mühüm uğurlar qazandığını iddia edib. O, ABŞ-nin vasitəçiliyi ilə bir sıra silahlı münaqişələrin dayandırıldığını, o cümlədən Hindistanla Pakistan, eləcə də Ermənistanla Azərbaycan arasında gərginliyin azaldıldığını qeyd edib. Tramp əlavə edib ki, “əgər Ukraynada müharibə başlayanda mən prezident olsaydım, bu münaqişə heç vaxt baş verməzdi”.

Poliqon.info

Seçilən
22
50
poliqon.info

10Mənbələr