“İlk öncə azarkeşlərimizə təşəkkür edirəm. Bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda “Qarabağ”la oldular. Bəlkə bizdən daha çox qələbəni istəyən azarkeşlərimiz idi. Onların duası bizə zəfər qazandırdı. Futbolçularıma da təşəkkür edirəm. Bu gün istək, inam və intizam vardı. Birəbir mübarizələrdə daha möhkəm oldular”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının VII turunda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
- Möcüzələrə inanırsınız?
- Möcüzə nəyə deyilir? Bu cür qalibiyyətlərə inanıram. Dünya praktikasında görürük ki, zəif komandalar güclü rəqiblərə qalib gəlir. Bu cür hallara inanıram.
- Qış fasiləsindəki təlim-məşq toplanışı nə qədər faydalı oldu?
- “Mən Antalyada demişdim ki, futbolçularıma inanıram. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bu gün qalibiyyət öz yerində, rəqib qapısına vurulan 3 qol öz yerində. İnamlı, cəsarətli oynadıq. “Ayaks”la oyundan sonra inamsızlıq yaranmışdı. Futbolçularımızla uğursuzluğu geridə qoyub daha yaxşı çıxış etmək barədə futbolçularımızla söhbətimiz olmuşdu.
- "Liverpul"la matçda nəyə ümid edək?
- “Liverpul”a inamlı gedəcəyik. “Enfild”də oynamaq asan deyil. İngiltərənin ən çılğın azarkeşləi o stadionda toplaşır. “Liverpul” həmişə ən çılğın, ən davakar azarkeşləri ilə seçilib. Futbolçularımdan tələb edəcəyəm ki, bugünkü tempi qoruyub saxlasınlar.
- Cənab Prezident rəsmi sosial şəbəkə hesablarında "Qarabağ"ı təbrik edib...
- Allah özü kömək olsun, nə yazıbsa onu yaşayacağıq. Cənab Prezidentə təşəkkür edirəm.
- Bəhluk Mustafazadəni bağışlamaq olarmı?
Niyə də yox?! Bəhlulun bəxti gətirməyib ki, müdafiəçi olub. Ən böyük səhvlər müdafiəçilərdə olub. Nəinki bugünkü, indiyə qədərki səhvlərini bağışlamaq olar bu qola görə.
- Belə komandalarla mübarizə aparmaq üçün illər lazımdır deyirdiz. İndi hasnı fikirdəsiniz?
- Yenə öz fikrimdə qalıram. Avropa futboluna baxanda bizim çatışmazlıqlarımız daha çoxdur. Yenə də qeyd edirəm ki, bir qələbəmiz olsun, amma inkişaf edək. Öz oyunumuzdan sona qədər əl çəkməməliyik.