“Quzey Kipr Türk Cümhuriyyəti hazırda Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Amma məqsədimiz təşkilata tamhüquqlu üzv olmaqdır”.
Hafta.az yazır ki, bu sözləri Quzey Kipr Türk Cümhuriyyətinin (KKTC) Ankaradakı səfiri İsmət Korukoğlu QHA-ya müsahibəsində deyib. Səfir Korukoğlu, "Türk Dövlətləri Təşkilatının bütün üzvlərinə, xüsusən də Türkiyə və Azərbaycana KKTC-nin müşahidəçi üzvlüyünü qəbul etdikləri üçün təşəkkür etmək istəyirik. Ümid edirik ki, bu, daha da irəliləyəcək" deyib.
Kipr türk xalqının insan haqları pozuntularının nə olduğunu yaxşı bildiyini deyən səfir Korukoğlu, Krımdakı insan haqları pozuntularının ən qısa müddətdə aradan qaldırılmalı olduğuna inandıqlarını söyləyərək deyib: "Bir coğrafiyada yaşayan insanların hüquqları və səsləri prioritet olmalıdır. Krımdakı insan haqları pozuntularının nə demək olduğunu bilirik. İnanırıq ki, beynəlxalq ictimaiyyət buna mümkün qədər tez reaksiya verəcək".