AZ

Uğurlu xarici siyasət və məharətli diplomatiyaya verilən yüksək qiymət ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirliklərinin ali dövlət nişanələrindən sayılan, beynəlxalq aləmdə yüksək nüfuza malik Şeyx Zayed Fondunun “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması bütün qlobal siyasi arenada böyük əks-səda doğurub. Bəşəri dəyərlərin, sülhün, dözümlülüyün və humanizmin təntənəsi kimi qiymətləndirilən mükafat Azərbaycanın son illərdə yürütdüyü strateji kursun, hərbi zəfərlərin ardınca gələn diplomatik qələbələrin və Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətlərinin beynəlxalq səviyyədə təsdiqidir. Əbu-Dabidən gələn müjdə Azərbaycanın sülh diplomatiyasının qızıl dövrünün məntiqi davamıdır. Bu mükafat 2019-cu ildə Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd Əl-Tayyib tərəfindən Əbu-Dabidə imzalanmış tarixi “İnsanlıq Qardaşlığı Sənədi”ndən ilhamlanaraq təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” na sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh, əməkdaşlıq diplomatiyasına beynəlxalq rəğbətin ifadəsi olmaqla dövlət başçımızın strateji müdriklik və liderlik məharətinin dünya miqyasında böyük etimad qazandığını göstərən mühüm amildir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir. 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib: “Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.

Mükafatın məhz Prezident İlham Əliyevə verilməsi Azərbaycan liderinin qlobal miqyasda sülh carçısı, multikulturalizm ideyalarının hamisi və sivilizasiyalararası dialoqun aparıcı siması kimi qəbul edildiyini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsində dediyi kimi : “Zayed İnsan Qardaşlığı Mükafatı”- belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.”

Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət və məharətli diplomatiya onun qlobal səviyyədə nüfuzunu xeyli gücləndirməklə ölkəmizə olan etibarı və etimadı xeyli artırıb. Respublikamızın beynəlxalq siyasi, iqtisadi təşkilatlarla fəal əməkdaşlığı, dünya düzənini formalaşdıran irimiqyaslı layihələrə imza atması, Prezident İlham Əliyevin mötəbər tədbirlərə fəxri qonaq qismində dəvət alması bu hörmət və etimadın əsas göstəricilərindəndir. Dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Vətən müharibəsində qazanılan tarixi zəfərin sülh meydanında da müvəffəqiyyətlə tamamlanmasına verilən qiymətin, dəyərin ifadəsidir.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
sesqazeti.az

2Mənbələr