AZ

Cəmiyyətlərin razılığı fonunda sülhə doğru mərhələli yaxınlaşma - ÖZƏL

"Əlbəttə ki, yeni dialoqlar formalaşır və bu proses tədricən irəliləyir. Bəzən ictimai müzakirələr açılmadan qərarlar qəbul edilir, addımlar atılır və göründüyü kimi, hər iki tərəf bu addımlara anlayışla yanaşır. Artıq həm Ermənistan, həm də Azərbaycan cəmiyyətləri münasibətlərin normallaşdırılmasına hazır görünür. İlkin addımlar da bunu deməyə əsas verir."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Müşahidələr göstərir ki, Azərbaycandan yolların açılması, yüklərin daşınması, Ermənistanın mövcud çətinliklərinin aradan qaldırılmasına bu və ya digər şəkildə töhfə verilməsi Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurmur. Eyni zamanda, Ermənistan daxilində müəyyən xarici təsirli səslər mövcud olsa da, ümumi rəy ondan ibarətdir ki, bu proseslər mərhələli şəkildə davam etməlidir.

Diplomatik münasibətlər tam qurulmadan bu cür addımların atılması, əslində, diplomatik mərhələnin də yaxınlaşdığını göstərir. Yəni, Azərbaycanla Ermənistan arasında münasibətlərin yeni mərhələsi bu gün başlamır. Bu mərhələnin əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında ABŞ Prezidentinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra qoyulub.

Sülh sazişi tərəflənib, hər iki tərəfin razılaşdırdığı mətn mövcuddur və bundan sonra atılan bütün addımlar məhz sülhə xidmət etməlidir. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir, sülhə sadiqliyini əməldə nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu addımlara verdiyi reaksiyalar da göstərir ki, onlar prosesə hazırdırlar.

Sadəcə olaraq, müəyyən xarici təsirlərdən qaynaqlanan səslər mövcuddur ki, onların neytrallaşdırılması Ermənistan hakimiyyətinin və dövlətinin məsuliyyətidir. Azərbaycan sülh prosesinə sadiqdir və bu sadiqliyini yalnız bəyanatlarla deyil, konkret addımlarla göstərir. Ermənistan tərəfi də bunu adekvat şəkildə dəyərləndirdiyi və bu mövqeni davam etdirdiyi təqdirdə, ölkələrimiz arasında hər hansı ciddi narazılıq və ya gərginlik üçün zəmin qalmayacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr