AZ

İşçisiz qalan sahələr

Yazını böyüt
Yazını kiçilt

Bu gün aqrar sahədə ciddi islahatlar həyata keçirilsə də, problemlər də az deyil. Əsas çatışmazlıqlardan biri, təbii ki, boşalan kəndlər və bunun fonunda həmin ərazilərdə müşahidə olunan işçi çatışmazlığıdır. Dəfələrlə istər fermerlər, istərsə də ev təsərüfatı sahibləri sahələrdə mövsüm zamanı ciddi işçi çatışmazlığı ilə üzləşdiklərini bildirirlər. Nəticədə isə məhsulun vaxtında toplanılmasında problemlər yaranır. Hətta sahələrdə günəmuzd işçilərə verilən əməkhaqqının 20 manatdan minimum 30 manata qaldırılması da  problemin həllində ciddi dönüş yarada bilmir.

Bəs bu vəziyyətin yaranmasının əsas səbəbləri və çıxış yolu hansılardır?

“Kənd təsərrüfatında əmək şəraitinin ağır olması bu vəziyyəti formalaşdıran əsas amillərdəndir”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Hafta.az-a bildirib ki, əkin sahələrində işçi qüvvəsi çatışmazlığı ciddi və bütün rayonlara aid məsələ deyil. Onun sözlərinə görə, problem daha dərin və sistemlidir.

Deputata hesab edir ki, kənd təsərrüfatında əmək şəraitinin ağır olması, sosial təminatın zəifliyi, mövsümi işlərin qeyri-sabit xarakter daşıması, gənclərin kənd yerlərindən şəhərlərə miqrasiyası və peşə hazırlığı sisteminin yetərincə inkişaf etməməsi bu vəziyyəti formalaşdıran əsas amillərdəndir:

“Bununla yanaşı, əkin sahələrinin səmərəliliyi, texnika və müasir texnologiyalara çıxış imkanları, eləcə də məhsulun bazara çıxarılması zamanı fermerlərin üzləşdiyi problemlər də diqqətdən kənarda qalmamalıdır. Fermer qazancına əmin olmadıqca, bu sahəyə investisiya qoymaqda və işçi qüvvəsini cəlb etməkdə tərəddüd edir. Çıxış yolu kompleks yanaşmadadır. Kənd təsərrüfatında mexanizasiyanın genişləndirilməsi, mövsümi işçilər üçün sosial paketlərin yaradılması, regionlarda peşə təlim mərkəzlərinin gücləndirilməsi, gənclərin kənd təsərrüfatına cəlb olunması üçün stimullaşdırıcı proqramların tətbiqi və fermerlərə real bazar dəstəyinin göstərilməsi vacibdir”, - deputat deyib.

"Müasir dövrün çağırışları insanları həm də tənbəlləşdirir və kənd həyatından uzaqlaşdırır"

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov bildirib ki, əslində, aqrar sektor dövlət dəstəyi ilə əhatə olunub.

“Kənd təsərrüfatı vergilərdən azaddır, həm də məhsulların istehsalına görə müxtəlif şəkildə subsidiyalar verilir. O cümlədən kənd təsərrüfatı texnikaların, cins mal-qaranın, toxumun alınması üçün  dəyərinin 40% dövlət tərəfindən qarşılanılır. Gübrələrin alınmasına subsidiyalar verilir. Beləliklə dövlət aqrar sektoru dəstəkləməklə inkişafı üçün mümkün şərait yaradır.  Bu baxımdan bu sektorun inkişafı üçün yeni dəstək tədbirlərin həyata keçirilməsindən danışmağı düzgün hesab etmirəm”, - deputat deyib.

A.Badamov hesab edir ki, hər məsələ yaxşıdır, təkcə kənd təsərrüfatı sektorunda işləyən işçilərin tapılması məsələsi problemə çevrilib. Onun fikrincə, hətta gündəlik 30 manat əməkhaqqı ilə işləyənlərin tapılması çətin bir məsələyə çevrilmişdir.  Bunun da kökündə bir neçə məsələ dayanır:

“Birinci məsələ kənd təsərrüfatı sahəsində iş yerlərinin mövsümi xarakter daşımasıdır. Yəni gündəlik əməkhaqqı sabit deyil. İşçi günlük işləməklə il boyu özünü sabit şəkildə işlə təmin olunmuş hesab edə bilmir. Ona görə də əməkhaqqı aşağı olsa da digər sahələrdə işləməyə üstünlük verir. Günlük əməkhaqqı həm də sığortalanmır. Bu da gələcəkdə işçinin pensiya hüququnun necə formalaşacağı kimi bir sualı düşündməsinə səbəb olur.  Kənd təsərrüfatında işçi çatışmazlığının digər bir səbəbi isə bu sektorda işin ağır olması ilə bağlıdır. İnsanlar şəhər həyatına və daha yüngül işlərə üstünlük verirlər. Ona görə də şəhərdə hər hansı bir işdə işləməyi kənd təsərrüfatı sahəsində işləməkdən üstün tuturular. Nəticə olaraq deyə bilərəm ki, müasir dövrün çağırışları insanları həm də tənbəlləşdirir və kənd həyatından uzaqlaşdırır.  Zaman var idi ki, kənddə yaşayan 70 manat əməkhaqqına bir ay boyu işləyirdi və iş tapmaq da çətin idi. İndi baxışlar dəyişib və günlük 30 manat əməkhaqqı ilə kənd təsərrüfatı sahəsində işləmək çətin görünür. Yəni insanlar daha asan iş yerlərində işləmək istəyirlər. Bu həm də işləmək üçün alternativlərin çox olması ilə bağlıdır. Əgər bir insan işləməyə alternativ tapmasa ailəsini dolandırmaq üçün hər bir sahədə işləyib qazanc əldə etməyə çalışar.  Bu gün isə insanların işləməyə alterantivləri çox olduğuna görə kənd təsrrüfatına yox, məhz digər sahələrdə çalışmağına üstünlük verirlər”.

A.Badamov vəziyyətdən çıxış yolu kimi, kənd təsərrüfatında əl əməyinin azaldılmasını və istesalın mexanikləşdirlməsini təklif edib. O hesab edir ki, bunun üçün kəndli təsərrüfatları kooperasiyalarda birləşməli və böyük təsərrüfatlar yaradaraq mexanikləşdirilmiş şəkildə istehsal prosesləri aparılmalıdır.  Bu həm də məhsulun maya dəyərini azaldar və fermerlərin daha çox gəlir əldə etməsinə yol açar.

"Bu məsələnin arxasında təkcə işçi azlığı deyil, daha böyük problemlər var"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu məsələnin arxasında təkcə işçi azlığı deyil, daha böyük problemlər durur.

Ekspert hesab edir ki, problem kənd təsərrüfatı sisteminin qurulması, ümumiyyətlə, kənd məhsullarının satışının təmin olunması, o cümlədən fermerlər üçün daha cəlbedici, gəlirli mühitin yaradılması ilə bağlıdır.

“Kəndlərdə insanlar günlük 30 manata işləməyə ona görə müsbət yanaşmırlar ki, iş qabiliyyəti olan gənclər əsasən şəhərlərə üz tutublar. Yerdə qalan orta nəsil insnlar isə ağır əmək tələb edən işlərdən daha çox təsadüfi işlərə meyl göstərir. Bu baxımdan onlar üçün mövsümi, sabit olmayan, istənilən vaxt müəyyən səbəblərdən yarımçıq qalan işlər o qədər də  maraqlı görünmür. Eləcə də işin ağırlığı baxımından təklif olunan həmin 30 manat, orta, minimum əməkhaqqı ilə müqayisədə nə qədər normal rəqəm kimi görünsə də, işin ağırlığı, məsuliyyəti, həm də şərtləri daxilində o qədər də  böyük deyil. Adətən, fermerlər ona görə belə bir ödənişi təyin edirlər ki, özləri də yaxşı qazanc əldə etmək imkanlarına malik olmurlar. Çünki istehsal etdiklərini ya çox vaxt reallaşdıra bilmirlər, ya da o qədər ucuz qiymətə satılır ki, yaxşı qazanc əldə edə bilmirlər. Bu da işçilərə yüksək əməkhaqqı vermələrinə imkan yaratmır”, - V.Oruc deyib.

Ekspert hesab edir ki, kənd təsərrüfatı sahəsində subsidiyaların artırılmasına ehtiyac var. Eyni zamanda bildirib ki, fermerlərə dövlət dəstəyinin təmin edilməsi, işçi qüvvələrinin yol pulu, yemək pulları, əməkhaqqının artırımasının dövlət tərəfindən həyata keçirilməsi, kənd təsərrüfatının stimullaşdrılmasına, bu istiqamətdə fəaliyyətin daha da artırılmasına əsas olar:

“Subsidiyaların verilməsi, eləcə də fermerlərin özünün xarici əlaqələr qurması, məhsulun satışının təkcə daxildə deyil, xarici bazarlarda təşkil olunması istiqamətində müəyyən axtarışların aparılması, eyni zamanda kənddə yeni iş yerlərinin açılması layihələrinin icrası təmin olunmalıdır. Bu, iş üçün şəhərə gedən kənd əhalisinin bir qisminin geri qayıtması üçün münbit şəraitin yaradılmasına təkan  olar. O cümlədən bölgələrdə fabrik, zavodların inşası, iş yerlərinin təkcə mövsümi yox, daimi  xarakter daşıması problemin həlli üçün çox ciddi  təsir göstərə bilər. Yəni insanların fiziki əməkdən uzaqlaşması təkcə işin ağırlığına görə deyil, həm də münbit şəraitin olmaması ilə bağlıdır.  Hesab edirəm ki, özəl qurumlar və dövlət birlikləri birgə müəyyən layihələr icra edib bu istiqamətdəki çatışmazlıqları aradan qaldıra bilər. Eyni zamanda həmin fermerlər məşğulluq idarələrinə müraciət edərək iş yerləri elanları verə bilərlər. Çünki elə şəhərin özündə kifayət qədər işsiz var ki, onlar yaşayış məkanı, yol, yemək pulunun təmin etməklə kəndlərdə işləmək üçün gedərlər”, - ekspert deyib.

V.Oruc hesab edir ki, azad iş qüvvəsinin konsalidasiyası həyata keçirilməlidir. Təkliflər olmalı və bunlar təkcə insanların özlərinə iş yerləri axtarmasına deyil, həm də iş yerlərinin insanları axtarmasına kömək gösətərməldir.

Tahirə Qafarlı

Seçilən
106
hafta.az

1Mənbələr