AZ

Azərbaycan beynəlxalq aləmdə ən çox hörmət və etimad göstərilən ölkələrdən biridir - RƏY

Bakı, 22 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin dünyada məşhur Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi tamamilə məntiqli, ədalətli bir qərardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O bildirib ki, müasir dünyada, xüsusilə də son 80 il ərzində uzun onilliklər boyu davam etmiş ağır dövlətlərarası münaqişəni və müharibəni beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli və qətiyyətli şəkildə həll edərək real və dayanıqlı sülhü təmin etməyə nail olmuş yeganə dövlət başçısı məhz İlham Əliyevdir. Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıq bunun bariz sübutudur. Etiraf etmək lazımdır ki, çağdaş dünyada bu miqyasda və bu qədər aydın nəticə verən sülh quruculuğu nümunəsinə rast gəlmək mümkün deyil.

“Ümumiyyətlə, bu cür nüfuzlu beynəlxalq mükafatlar Azərbaycanın sülh gündəliyinin möhkəmlənməsinə, sülh quruculuğu təcrübəsinin beynəlxalq miqyasda öyrənilməsinə və ölkəmizin qlobal nüfuzunun daha da artmasına mühüm töhfə verir. Xüsusilə beynəlxalq norma və qaydaların ciddi şəkildə pozulduğu, qlobal özbaşınalığın və güc siyasətinin hökm sürdüyü indiki mərhələdə Azərbaycanın sülh quruculuğu, qonşularla dinc yanaşı yaşama və qarşılıqlı etimad yaratma təcrübəsinə dünya miqyasında daha çox ehtiyac duyulur”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq aləmdə ən çox hörmət və etimad göstərilən ölkələrdən biridir. Belə beynəlxalq mükafatlar isə Azərbaycan diplomatiyasının daha təsirli, daha inandırıcı və daha effektiv fəaliyyətinə əlavə stimul yaradır.

 

Seçilən
26
1
azertag.az

4Mənbələr