İşğaldan azad edildikdən sonra ilk dəfə Xankəndi şəhər Kərkicahan qəsəbə 1 nömrəli, Ağdam rayon Xıdırlı və Xocalı rayon Ballıca kənd körpələr evi-uşaq bağçasında tədris prosesinə başlanılıb.
AzEdu.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli məktəbəqədər təhsil müəssisələrində ilk tədris prosesini yerində izləyib. Bağçalarda yaradılmış təlim-tərbiyə şəraiti, maddi-texniki baza, uşaqların qidalanması və təhlükəsizliyi ilə bağlı görülən işlərlə tanış olub.
Sənan Mənsimli məktəbəqədər təhsilin uşaqların intellektual, sosial və psixoloji inkişafında mühüm rol oynadığını vurğulayıb, tədris prosesinin müasir tələblərə uyğun və keyfiyyətli şəkildə təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur.
Xankəndi şəhər Kərkicahan qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçası 60, Ballıca kənd körpələr evi-uşaq bağçası 55 yerlikdir. Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.