AZ

Bakıda rüstoranda ad günün məclisində hesab üstündə dava düşdü – Həbs olunan var

BAKI, 23 yanvar. TELEQRAF

Bakının Nizami rayonunda restoranda keçirilən ad günü məclisində dava olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə hadisə rayonun Ş.Mirzəyev küçəsində yerləşən “Şerloks” adlı restoranda baş verib.

Zəngilan rayon sakini, 1991-ci il təvəllüdlü Vaqif Vəliyev (ad-soyad şərti verilib – red.) ucadan nalayiq söyüşlər işlədərək səs-küy salıb, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq edib.

Həmçinin o, Nizami Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.

İş üzrə izahat verən Vəliyev bildirib ki, restoranda dostlarının ad gününü qeyd ediblər, həmin vaxt spirtli içki içiblər: “Yanvarın 19-na keçən gecə, saat 02:00-da hesabı ödəyərək çıxmaq istədik. Amma hesabın artıq yazıldığını gördük və administratorla mübahisə etdik. Bu vaxt həmin yerə polislər gəldi və dostlarım ilə polislərin arasında mübahisə yarandı. Mən də sonradan mübahisəyə qoşuldum. Əsəbi vəziyyətdə söyüşlər söysəm də, heç kimi təhqir etməmişəm”.

Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə ittiham elan edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
39
9
teleqraf.com

10Mənbələr