AZ

“Eyni teatrda çalışırdıq, uşaqlar balaca olduğu üçün yoldaşımın istəyi ilə sənətə fasilə verdim” - FOTO+ÖZƏL

“1997-ci ildə Mədəniyyət və İncəsənət universitetinə, dram və kino aktyoru fakültəsinə daxil olmuşam. Kamal Xudaverdiyev, Səidə Quliyeva kimi sənətkarlardan dərs almışam. 2001-ci ildə universiteti bitirəndən sonra ailə həyatı qurdum. 2002-ci ildə müqavilə ilə Azərbaycancan Dövlət İrəvan Dram teatrında çalışmağa başladım. Bu teatrın səhnəsində bir neçə tamaşada baş rollarda çıxış etmişəm. Lakin övladlarım kiçik idi. Ona görə də həyat yoldaşımla belə qərara gəldik ki, böyüyəndən sonra sənətə davam edim”.
 
Bunu Moderator.az-a açıqlamasında aktrisa Aytən Səfərova deyib.
 
O daha sonra 2023-cü ildə yenidən sənətə qayıtdığını bildirib:
“Bir müddətlik fasilədən sonra 2023-cü ildə İntiqam Soltan məni Bakı Uşaq və Gənclər teatrına dəvət etdi. Bu teatr mənə çox doğmadır. Doğmalığı da rəhbərlik yaradıb. Çox sevinirəm ki, məhz bu teatrda işləyirəm. Biz bir ailəyik və bir-birimizə sırf bağlıyıq. Hər zaman mənə həvalə olunan rolları layiqincə oynamağı düşünmüşəm. Çalışmışam ki, öhdəsindən gəlim. “Pəltək cücə”, “Qarınqulu ayı”, “Dovşanın evi”, “Sehrli gün”, “Göyçək Fatma”, “Qaraca qız”, “Xəzinələr adası” və s. tamaşalarda rol almışam. Hər bir rolumu sevirəm. İstəyir böyük olsun, istəyir kiçik. Hazırda Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” əsəri tamaşa qoyulur. Tamaşanın rejissoru Ağalar İdrisoğludur. Burada mənə Ceyran rolu verilib. Ceyran xanım hiyləgərdir, pulu sevir. Miras üstündə söz-söhbət bu tamaşanın əsas qayəsini təşkil edir. İnşallah gözəl bir tamaşa ərsəyə gələcək. Teatrımıza hər həftə tamaşaçı gəlir. Həftədən həftəyə onların sayı daha da artır. Bizimlə ünsiyyətdə olurlar. Biz azyaşlıların sevgisini, münasibətini və axınını görəndə çox sevinirik”.
 
Aytən Səfərova həyat yoldaşı, tanınmış aktyor Rəşad Səfərovun ona dəstəyindən də danışıb:
“Biz İrəvan teatrında bir yerdə çalışmışıq. Bir-birimizə hər zaman dəstək olmuşuq. İndi ayrı-ayrı teatrlarda işləməyimizə baxmayaraq öz rollarımız barəsində bir-birimizə məsləhət veririk, tövsiyyələr edirik. Rəşad mənim, mən Rəşadın tamaşalarına baxıram”.
 
“Nə vaxtsa yenidən eyni teatrda çalışmağı düşünürsünüz?” sualına aktrisa Aytən Səfərova belə cavab verib:
“Mən Bakı Uşaq və Gənclər teatrını tərk etmək istəmirəm. Burada qalıb çalışmaq istəyirəm. Mən bura, kollektivimə, Rəşad da öz kollektivinə öyrəşib, adaptasiya olub. Hər ikimiz kollektivimizə qəlbən bağlıyıq. Getməyi düşünmürəm. Belə getsə hər kəs öz teatrında qalacaq (gülür)”, - deyə aktrisa bildirib.
Seçilən
33
moderator.az

1Mənbələr