AZ

Azərbaycan bütün addımlarında sabitlik və təhlükəsizlik amillərini nəzərə alır - ŞƏRH

Bakı, 23 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev hər il Davosda Dünya İqtisadi Forumu çərçivəsində beynəlxalq mediaya müsahibələr verir. Bu dəfə dövlətimizin başçısı “Euronews”un suallarını cavablandırıb. Ünvanlanan suallar isə qlobal və regional proseslər, eləcə də Azərbaycanın sülhün təşviqində rolu və enerji təhlükəsizliyinin təmin olunmasında yeni prioritetlər istiqamətində olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Cənubi Qafqazda postmüharibə dövründə inkişaf dünyada böyük maraq yaradır. Prezident İlham Əliyev Ermənistanla əldə olunan son sülh nailiyyətlərindən sonra region üçün yeni inkişaf mərhələsini təsvir edərək, hazırda sülh şəraitinin mövcud olduğunu söyləyib. Müsahibə zamanı beynəlxalq münasibətlərdə yeni dövrü dəyərləndirən dövlətimizin başçısı bildirib ki, dünya beynəlxalq hüquqla idarə olunmaqdan daha çox güc hökmranlığının ön plana çıxdığı bir mərhələyə doğru gedir. O, ölkələrin öz potensiallarına əsaslanan strategiyalar formalaşdırmalı, həm regional, həm də qlobal miqyasda geniş diplomatik əlaqələrin qurulmalı olduğunu vurğulayıb.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də diqqət mərkəzindəki məsələlər olduğunu bildirən deputat deyib: “Xüsusilə Avropa Parlamentinin qərəzli mövqeyi fonunda Azərbaycanın davranışı diqqət çəkir. Lakin Prezident İlham Əliyev bu mövzu ilə bağlı suala cavab olaraq qeyd edib ki, rəsmi Bakı artıq Avropa Parlamentinin qərəzli qərarlarına reaksiya vermir. Ümumilikdə, ölkəmiz həm Avropa Parlamenti, həm də Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı dayandırıb, lakin Avropa Komissiyası ilə əməkdaşlıq davam edir. Yeri gəlmişkən, Davosda Prezident İlham Əliyev və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşündə də münasibətlərin müsbət məcrada inkişaf etdiyi aydın şəkildə müşahidə edilib. Belə ki, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirən Avropa İttifaqı işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, xüsusilə minatəmizləmə prosesinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpasına dəstək göstərməyə hazırdır. Rəsmi Bakı Avropa Parlamentinə ədalətsiz siyasət adlandırdığı mövqeyini yenidən nəzərdən keçirməyi tövsiyə edir. Hesab edirəm ki, Avropa institutları Azərbaycanın əhəmiyyəti ilə bağlı yanaşmalarını daha konstruktiv istiqamətə dəyişməlidir”.

Könül Nurullayeva sonda Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafata layiq görülməsini Azərbaycanın sülhə verdiyi töhfəyə göstərilən yüksək dəyərin göstərici olduğunu deyib.

Seçilən
85
azertag.az

1Mənbələr