Şirvan şəhərinin ölkəmizin mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi ulu öndər Heydər Əliyevin müdrik siyasətinin və qətiyyətli rəhbərliyinin məntiqi nəticəsidir. Şəhər sakinləri, o cümlədən ictimai fəallığı ilə seçilən şəhid valideynləri ilə keçirilən görüşlərdə də vurğulandığı kimi, burada inkişaf və tərəqqi getdikcə sürətlənir. Tam mübaliğəsiz söyləmək olar ki, Şirvan şəhəri bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində günbəgün müasirləşir, inkişaf edir.
Şirvan şəhəri ötən müddətdə böyük sənaye mərkəzi kimi uzun və şərəfli inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyev 1970, 1979 və 1998-ci illərdə bu şəhərə səfər edib, respublikamızın bu yeni sənaye mərkəzinin sosial-iqtisadi inkişafı üçün bu tapşırıq və tövsiyələr verib. Ulu öndərin rəhbərliyi ilə başlanan quruculuq və tərəqqi yolu son illər ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Qəbul edilən və ardıcıl şəkildə icra olunan Dövlət proqramları əhalinin rifahının yüksəldilməsinə xidmət etməklə cəmiyyətdə məmnunluq və sosial rahatlıq hissini gücləndirir.
Sosial-iqtisadi inkişafın yeni mərhələsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili siyasət nəticəsində Şirvan şəhərində də ictimai-siyasi sabitlik möhkəmlənib, sosial-iqtisadi sahədə mühüm tədbirlər həyata keçirilib. Dövlət proqramlarının uğurlu icrası şəhərin iqtisadi potensialının artmasına, infrastrukturun yenilənməsinə, məşğulluğun və əhalinin gəlir səviyyəsinin yüksəlməsinə geniş imkanlar yaradıb.
2025-ci ildə şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ilkin məlumata görə, 676,3 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bunun da 425,8 milyon manatı sənaye sahələrinin payına düşüb. Sənaye məhsulunun 34,3 faizi mədənçıxarma, 15,9 faizi emal, 48,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, 1,7 faizi isə su təchizatı və tullantıların təmizlənməsi sahəsində formalaşıb. İl ərzində 212,6 min ton əmtəəlik neft, 7,9 milyon kubmetr əmtəəlik qaz və 3,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
İqtisadi artım sosial rifahı yüksəldir
Şəhərin sosial-iqtisadi inkişafı üçün əsas kapitala 285,7 milyon manat vəsait yönəldilib. Bunun da 96,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Tikinti işlərinin həcmi əvvəlki illə müqayisədə 2,1 dəfə artaraq 84,8 milyon manata çatdırılıb. İl ərzində şəhərin nəqliyyat sektorunda da müsbət dinamika qeydə alınıb, 430 min ton yük və 330 min nəfər sərnişin daşınıb. Bu göstəricilər isə müvafiq olaraq 6,4 faiz və 6,1 faiz artım deməkdir. Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi pərakəndə ticarət dövriyyəsində də özünü göstərib. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il bu göstərici 413,7 milyon manata çatıb. Bununla yanaşı, il ərzində orta aylıq əməkhaqqı 5,2 faiz artaraq 890,8 manat təşkil edib.
2025-ci ildə dövlət büdcəsinin Şirvan şəhəri üzrə gəlirləri 101,9 faiz icra olunaraq proqnozu üstələyib, büdcəyə əlavə vəsait daxil olub. Yerli xərclərin səmərəli idarə olunması isə maliyyə intizamının daha da möhkəmləndiyini göstərir.
İl ərzində Şirvan-Salyan Regional Məşğulluq Filialında Şirvan şəhəri üzrə qeydiyyata alınmış işaxtaran və işsiz vətəndaşlardan 2 min 784 nəfəri işlə təmin olunub. Eyni zamanda, 103 nəfər işsiz vətəndaşa işsizlikdən sığorta ödənişi təyin edilib, 181 nəfər peşə hazırlığına göndərilib, 206 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şirvan şəhərində 13 layihə üzrə sahibkarlıq subyektlərinə, ümumilikdə, 911 min 500 manat məbləğində güzəştli kredit verilib.
“Yeniləşən Şirvan” – müasir şəhər modeli
“Şirvan şəhərinin 2024–2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramı” çərçivəsində 13 prioritet istiqamət müəyyən edilib, şəhər ərazisində geniş abadlıq və yenidənqurma işlərinə start verilib.
Vətəndaşların yaşayış sahəsinə olan ehtiyacını qarşılayaraq mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə “MİDA” tərəfindən “Yeni Şirvan” yaşayış kompleksində müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən 9,12 və 14 mərtəbəli 11 çoxmənzilli yaşayış binası, eləcə də digər sosial infrastruktur obyektlərinin tikintisi uğurla davam etdirilib. Artıq altı 9 mərtəbəli və bir 12 mərtəbəli bina tamamlanaraq istifadəyə verilib. İstismara hazır olan binalarda 216 mənzilin satışı 2025-ci il dekabrın 3-də həyata keçirilib. Bu zaman güzəştli kateqoriyaya daxil edilən və mənzilə ehtiyacı olan vətəndaşlar dövlətin bu sosial layihəsindən faydalanmaq imkanı qazanıblar.
Ötən il IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində bir neçə yaşayış məhəlləsi və park əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Şəhərin H.Z.Tağıyev küçəsi 1A və 2A nömrəli yaşayış binalarının ərazisində, eləcə də Heydər Əliyev prospekti 18 nömrəli yaşayış binasının qarşısında ümumi sahəsi 0,78 hektar olan “Abad məhəllə” və “İsmət Qayıbov adına park” müasir tələblər səviyyəsində əsaslı şəkildə yenidən qurulub. İl ərzində “MİDA”nın “Yeni Şirvan” yaşayış kompleksində müasir və enerji səmərəli çoxmənzilli binaların tikintisi davam etdirilib. Artıq burada bir neçə bina istismara hazır vəziyyətə gətirilib.
Nura bürünən, yaşıllaşan şəhər
Şirvan şəhəri yaşıllıqları ilə zövq oxşayır. Hər il olduğu kimi, ötən il də şəhər ərazisində minlərlə ağac və dekorativ bitki əkilib, yaşıllıq sahələri bir qədər də genişləndirilib. Bütövlükdə, burada əkilmiş 4 min 516 müxtəlif növ ağac, 4 min 310 dekorativ gül kolu və 67 min 809 korbobrotos həmişəyaşıl gül kolu şəhərə xüsusi təravət və yaraşıq gətirir. 1238 kvadratmetr sahədə döşənmiş qazonlar isə şəhərin yamyaşıl libasına əlavə rəng qatır. Yaşıllıqlara qulluq göstərmək məqsədilə ərazilər alaq otlarından təmizlənir, ağac və kolların dibi yumşaldılır. Bundan əlavə, yaşıllığın davamlılığını təmin etmək üçün suvarma işləri əvvəlcədən tərtib olunmuş qrafikə uyğun şəkildə həyata keçirilir.
Abadlıq-quruculuq işləri çərçivəsində şəhərin 137 küçə və prospektində işıqlandırma sistemləri yenilənib, 7 minə yaxın işıq nöqtəsi quraşdırılıb. Elektrik təsərrüfatında müasir SMS tipli sayğaclar quraşdırılıb, içməli su və kanalizasiya şəbəkələrinin yenilənməsi nəticəsində əhalinin 75 faizi fasiləsiz içməli su ilə təmin edilib.
Şirvanda vətəndaş məmnunluğu prioritetdir
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Şirvan şəhərində əhalini narahat edən problemlərin yerlərdə operativ həlli və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər artıq öz müsbət bəhrəsini verir. İş saatlarında dinamik həyat tərzi ilə seçilən şəhər axşam saatlarında da sakinlərin rahat istirahəti üçün yaradılan şəraitlə diqqət çəkir. Abad parklarda gəzən, təmiz hava udan sakinlər həm sağlamlıqlarını qoruyur, həm də şəhərin daha parlaq gələcəyi ilə bağlı fikir mübadiləsi aparırlar.
Axşamüstü gəzintilər zamanı şəhər sakinləri ilə yanaşı, rəhbər şəxslərin də birgə istirahət etməsi Şirvanda formalaşan səmimi idarəetmə mühitinin bariz nümunəsidir. Sakinlərlə vaxtaşırı keçirilən qeyri-rəsmi görüşlərdən bəhs edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, dövlət siyasətinə uyğun olaraq əhali ilə mütəmadi görüşlərin keçirilməsi əsas prioritetlərdəndir. Onun sözlərinə görə, icra hakimiyyətində vətəndaşların bütün iş günü qəbulu üçün nəzərdə tutulan qrafik uğurla icra olunur. Həftənin hər üçüncü günü şəhər icra hakimiyyətinin başçısı, digər günlərdə isə müavinlər və şöbə müdirləri tərəfindən vətəndaş qəbulları keçirilir. Bununla yanaşı, yerli icra orqanına istənilən vaxt müraciət edən hər bir vətəndaş və ya qonaq rəhbər şəxslərlə maneəsiz görüşərək problemini və ya təklifini çatdıra bilir.
Problemlər yerində dinlənilir, yerindəcə həllini tapır
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən il ərzində 640 nəfər vətəndaş fərdi qaydada qəbul edilib, 46 səyyar görüş-qəbul keçirilib. Qəbullarda 3566 nəfər iştirak edib, ümumilikdə, 252 nəfər vətəndaş tərəfindən 335 müxtəlif təklif səsləndirilib, sakinləri narahat edən problemlər diqqətə çatdırılıb. Müraciətlərdə qaldırılan əsas məsələlər yataqxanada yaşayış sahəsi ilə təminolunma, mənzil şəraitinin yaxşılaşdırılması, su-kanalizasiya sisteminin yenilənməsi, məşğulluq, ünvanlı dövlət sosial yardımının verilməsi, şəhərin küçə və prospektlərinə asfalt örtüyünün vurulması, nümunəvi məhəllələrin salınması, “Barak” tipli evlərin sökülərək yerində çoxmənzilli yaşayış binasının tikintisi, küçələrin işıqlandırlması və s. ilə bağlı olmuşdur. Qaldırılan məsələlərdən 89-u müsbət icra edilib, 246-na qanunamüvafiq cavab verilib.
Yeri gəlmişkən, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə sakinlər “Rəqəmsal İcra Hakimiyyəti” portalı (https://rih.gov.az) vasitəsilə də müraciət edə bilirlər.
Şirvanın qürur salnaməsi
Ölkəmizin ərazi bütövlüyü uğrunda Şirvan şəhərindən Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 124 nəfər şəhidlik zirvəsinə ucalıb. İkinci Qarabağ müharibəsində 21, ondan sonrakı dövrdə isə 4 hərbi qulluqçu şəhid olmuşdur. Hazırda şəhərdə 124 müharibə əlili və 1565 müharibə veteranı yaşayır.
Ötən müddətdə Şirvanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Şəhidlər xiyabanında İkinci Qarabağ müharibəsi şəhidlərinin qara mərmərdən məzarüstü abidəsi ucaldılıb, Birinci Qarabağ müharibəsi şəhidlərinin köhnəlmiş məzarüstü abidələri yenilənib. 2024-cü ildə isə daha 8 şəhidin məzar daşları qara mərmərlə əvəzlənib.
Xiyabanda “Şəhid anası” memorial abidə kompleksi yaradılıb, burada müxtəlif tarixi faciə və qəhrəmanlıq səhifələrini əks etdirən abidələr ucaldılıb. Ərazi daim abad saxlanılır, yeni piyada səkiləri, yaşıllıqlar, işıqlandırma sistemi və istirahət üçün müasir infrastruktur yaradılır.
İstiqlaliyyət prospektində quraşdırılmış elektron tabloda Şirvan şəhidlərinin fotoşəkilləri və həyat yolu ilboyu nümayiş etdirilir. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında salınmış “Qarabağ” və “Zəfər” xiyabanları, eləcə də ucaldılan Zəfər abidəsi şəhər sakinlərinin sevimli ziyarət məkanına çevrilib.
Şəhid ailələrinə ehtiram və qayğı
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də icra hakimiyyətinin digər məsul şəxslərinin iştirakı ilə hər ayın sonuncu cümə axşamı günü Şəhidlər xiyabanı ziyarət olunur, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir, ruhlarına dualar oxunur. Daha sonra “Şəhid anası” memorial abidə kompleksinin qarşısında şəhid ailələri ilə görüş keçirilir, onların müraciət və təklifləri dinlənilir.
Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən oğullarının Şirvan şəhərində yerləşən Şəhidlər xiyabanında və şəhər qəbiristanlığındakı məzarları, eləcə də şəhər ərazisində ucaldılmış büst və xatirə abidələri mütəmadi olaraq ziyarət edilir, xatirələri dərin hörmət və ehtiramla anılır.
Şəhər icra hakimiyyəti tərəfindən şəhid hərbi qulluqçuların ailə üzvlərinin, müharibə əlillərinin və veteranların müraciətlərinə xüsusi həssaslıqla yanaşılıb, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülüb. Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər yaşayış yeri üzrə mənzil növbəsinə götürülüb, yaşadıqları küçələrdə təmir-bərpa işləri aparılıb, həmçinin yeni işıqlandırma dirəkləri quraşdırılaraq ərazilər işıqla təmin edilib.
İl ərzində şəhid ailələri və müharibə əlilləri ilə, ümumilikdə, 143 görüş keçirilib. Həmin qəbullarda 308 nəfər iştirak edib, onların müraciətləri dinlənilib və həlli istiqamətində zəruri tədbirlər görülüb.
Şəhid ailələri və müharibə əlilləri yaşadıqları ünvanlarda ziyarət edilir, sosial-məişət problemlərinin həlli üçün müvafiq tədbirlər görülür. Onların mənzil təminatı, məşğulluğu, müalicə və reabilitasiya məsələləri daim nəzarətdə saxlanılır.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri