Rusiya Silahlı Qüvvələrinin tibbi xidmətlərinin modernləşdirilməsi sayəsində tibb işçilərinin sayı, eləcə də tibbi yardımın sürəti və protez prosedurlarının sayı artıb.
Herbiand.az bildirir ki, bu mövzu ilə bağlı Rusiya Müdafiə Nazirliyinin baş hərbi-tibbi idarəsinin rəisi Dmitri Trişkin “Hərbi-tibbi jurnal”ın yanvar sayında məqalə dərc edib.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər silahlı qüvvələrdə tibb işçilərinin nisbəti 94,5% təşkil edib ki, bu da iki il ərzində 10% artım deməkdir: “Silahlı qüvvələr təşkilatlarında tibb işçilərinin maaşları 50% artıb. Əsas diqqət yeni birləşmələr və hərbi hissələr üçün kadrların cəlb edilməsinə yönəlib. Leninqrad, Moskva və Mərkəzi Hərbi Dairələrində ümumilikdə 500-dən çox şəxsi heyəti olan dörd könüllü tibb dəstəsi yaradılıb və uğurla fəaliyyət göstərir. Cənub və Şərq Hərbi Dairələrində də oxşar dəstələrin yaradılması planlaşdırılır”.
Trişkin tibb mütəxəssislərinin hazırlanması ilə bağlı yazıb ki, S.M. Kirov Hərbi-Tibb Akademiyası 2025-ci ildə rekord sayda tələbə qəbul edib. O, təhsillərini başa vurduqdan sonra 1000-dən çox mütəxəssisin silahlı qüvvələrə qoşulacağını və onlardan 150-dən çoxunun rezidentura proqramını bitirəcəyini proqnozlaşdırır.
Bəxtiyar CƏFƏRLİ