Son günlər restoran və şadlıq evlərində istifadə olunan ət məhsullarının mənşəyi ictimai müzakirə mövzusuna çevrilib. Xüsusilə Monqolustan, Braziliya, Hindistan və digər ölkələrdən idxal olunan quzu və dana ətlərinin müştərilərə “yerli dana ətindən hazırlanmış basdırma” adı ilə təqdim edilməsi barədə yayılan iddialar vətəndaşlar arasında ciddi narahatlıq yaradıb. İstehlakçılar aldıqları məhsulun həqiqətən yerli olub-olmamasını bilmədiklərini, bu cür halların isə həm aldatma, həm də sağlamlıq riski yaratdığını bildirirlər.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, idxal olunan ətlərin yerli məhsul adı ilə təqdim edilməsi təkcə etik problem deyil, eyni zamanda ciddi hüquqi və sağlamlıq riskləri yaradır.
Onun sözlərinə görə, istehlakçı aldığı məhsulun mənşəyi barədə tam və doğru məlumat almaq hüququna malikdir və bu hüququn pozulması qanunvericiliyə ziddir:
“İdxal olunan quzu və dana ətləri əsasən uzun müddət dondurulmuş vəziyyətdə saxlanılır və daşınma zamanı müxtəlif konservasiya proseslərindən keçir. Bu isə ətin həm qida dəyərinə, həm də dad və teksturasına təsir göstərir. Uzunmüddətli dondurulma nəticəsində ətin lif strukturu dəyişir, bişirildikdə su itkisi artır və məhsul daha sərt olur. Yerli, təzə kəsilmiş ətlərdə isə bu problem olmur, çünki onlar qısa müddətdə istehlaka təqdim edilir”.
Mütəxəssis əlavə edib ki, bəzi hallarda idxal ətlərinin üzərindəki spesifik qoxunu gizlətmək üçün daha çox ədviyyat və marinadlardan istifadə olunur:
“Xüsusilə basdırma və kabab məhsullarında bu hal daha çox müşahidə edilir.
Bu cür üsullar istehlakçının məhsulun keyfiyyətini düzgün qiymətləndirməsini çətinləşdirir və aldatma riskini artırır. Problem yalnız restoran və şadlıq evləri ilə məhdudlaşmır, məsuliyyət həm də nəzarət mexanizmlərinin üzərinə düşür. Əgər qaydalara uyğun gətirilir və saxlanılırsa, idxal ətləri özlüyündə təhlükəli deyil. Problem ondadır ki, bu məhsulların mənşəyi gizlədilir və yerli ət adı ilə təqdim olunur. Bu isə həm qanunsuzdur, həm də istehlakçı etimadını sarsıdır”.
Mütəxəssisin sözlərinə görə, vəziyyətdən çıxış yolu şəffaflığın artırılması və nəzarətin gücləndirilməsidir:
“Restoran və iaşə obyektləri menyularda istifadə olunan ətin mənşəyini açıq şəkildə qeyd etməli, vətəndaşlar isə şübhəli hallarla rastlaşdıqda aidiyyəti qurumlara müraciət etməkdən çəkinməməlidirlər. İstehlakçı nə qədər məlumatlı olarsa, bazarda o qədər az sui-istifadə halları baş verər”.