AZ

Müasir cəmiyyət və tətbiqi psixologiyanın artan rolu

Bakı, 23 yanvar, AZƏRTAC

Müasir dövrün sürətli tempi, texnoloji inkişafı və sosial çətinlikləri praktik və tətbiqi psixologiyanın əhəmiyyətini daha da artırır. Stres və narahatlığın idarə olunması, iş-həyat balansının qorunması, sosial medianın psixoloji təsirlərinin anlaşılması və həyatın mənalandırılması bu sahəyə olan ehtiyacı gücləndirir.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri psixologiya üzrə fəlsəfə doktoru, professor Elmar Hüseynovun AZƏRTAC-a tədim etdiyi məqalədə yer alıb.

Məqalədə qeyd olunur ki, müasir cəmiyyət sosial-siyasi, mədəni, dini, təhsil, ailə və şəxsiyyətlərarası münasibətlərin mürəkkəbliyi ilə xarakterizə olunur. Texnoloji irəliləyişlər insan həyatını asanlaşdırmaqla yanaşı, psixoloji gərginlikləri və qlobal riskləri də artırır. Ekoloji problemlər, nüvə təhlükəsi, mənəvi dəyərlərin aşınması, ailə institutunun zəifləməsi və insanlar arasında yadlaşma narahatedici həddə çatıb.

Müəllif vurğulayır ki, bu problemlərin kökü əsasən texnoloji və siyasi deyil, insanın psixikasında və əqli proseslərindədir. Avstriyalı psixoterapevt Alfred Adlerin “Dünya incə sapdan asılmışdır və bu sap - insanın psixikasıdır” fikri də müasir dövrdə psixoloji sabitliyin nə qədər həlledici olduğunu göstərir.

Məqalədə süni intellekt və rəqəmsal texnologiyaların psixologiya elminə təsiri də qeyd olunur. Yeni psixoterapevtik metodlar, kouçinq yanaşmaları və rəqəmsal alətlər praktik psixologiyanın imkanlarını genişləndirir.

Nəticə olaraq bildirilir ki, praktik psixoloq peşəsinə ehtiyac sürətlə artır, psixologiya təhsil, səhiyyə, dövlət və özəl sektor daxil olmaqla bir çox sahəyə inteqrasiya olunur. Praktik psixoloqun əsas vəzifəsi müxtəlif metodoloji yanaşmaları birləşdirərək insanın əqli proseslərinin inkişafına, psixoloji problemlərin korreksiyasına və şəxsiyyətin harmonik inkişafına dəstək olmaqdır.

Seçilən
97
azertag.az

1Mənbələr