Bakıda narkotik vasitədən istifadə edən sürücü həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən Pravda.az-a verilən məlumata görə, paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı qeyri-adekvat hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti dəfə tibbi müayinədən keçirilən E.Veyisov yenidən narkotik maddə qəbul etməsini etiraf edib.
Eyni qanunazidd əməli təkrar törətdiyinə görə E.Veyisov məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.