AZ

''Beşiktaş''da gedənlər çoxdu, gələnlər isə yoxdu

İlk dövrəni istədiyi kimi keçirə bilməyən ''Beşiktaş''ın qış transfer dönəmində çox fəal olacağı gözlənilirdi.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngləri arasında bəlkə də yeni transferlərə ən çox ehtiyac duyan kollektiv məhz ''Beşiktaş'' idi. Amma reallıqda durum fərqlidi.

''Pəncərə'' yanvarın 2-dən açılsa da, ''ağ-qaralar'' hələ də heç kimi transfer etməyib. Əksinə ayrılan futbolçuların sayı günü-gündən artır. Dəmir Ege Tıknaz ilə Rafa Silvanın Portuqaliyaya yollanmasının ardından daha bir futbolçu - Temmi Abraham da klubu tərk etmək üzrədi.

Təcrübəli ingiltərəli forvard vətəninə qayıdır. ''Aston Villa'' ilə ''Beşiktaş'' arasında artıq bütün prinsipial məsələlərdə anlaşma əldə olunub. Rəsmi açıqlamanın ən qısa müddətdə veriləcəyi gözlənilir. Fanatların yavaş-yavaş səbr kasası daşmağa başlayır.

Sərgən Yalçın bazar ertəsi ''Kayserispor''la matçın ardından çərşənbə axşamı və ya ən gec cümə günü ən azı bir yeni transferi açıqlayacaqlarını dilə gətirmişdi. Ancaq cümə günü də tamam oldu və ''qartal''dan bu mövzuda heç bir yeni xəbər yoxdu. Bu arada ''Latsio''lu Nuno Tavareşin Türkiyəyə gəlmək istəmədiyi məlum olub. ''Beşiktaş'' ''Latsio'' ilə anlaşmışdı və futbolçunun maddi tələblərini qarşılamağa razı idi. Portuqaliyalıya düşünmək üçün yanvarın 23-nə qədər vaxt verilmişdi. Tavareş özü şəxsən rəhbərliyə zəng vuraraq gəlmək istəmədiyini deyib. Bu üzdən ''ağ-qaralar'' bu mövqe üçün alternativ variantlara yönəlməli olublar.

Abraham kimi bir futbolçunun yerinə kimin transfer ediləcəyi də maraq doğurur. Hər halda Abraham 13 qol vurmuşdu və komandasının ən məhsuldar oyunçusu idi. İddialara inansaq, ''Beşiktaş'' Dortmund ''Borussiya''sının üzvü Fabio Silvanı icarəyə götürmək istəyir.

23 yaşlı portuqaliyalı hücumçu bu mövsüm ''arılar''ın heyətində 20 rəsmi oyunda aktivinə 1 qol, 5 məhsuldar ötürmə yazıb.

Seçilən
96
football-plus.az

1Mənbələr