Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda mümkün nizamlanma ilə bağlı bütün əsas məsələləri ətraflı şəkildə müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, müzakirələr zamanı heç bir mövzu kənarda qalmayıb və tərəflərdən heç birini danışıqlara cəlb etmək üçün əlavə təzyiq göstərilməsinə ehtiyac olmayıb.
“Hamı hər şeyi müzakirə etdi. Heç bir tərəf mövzudan yayınmadı. Heç bir məsələ diskussiyadan kənarda qalmadı, heç kimi irəli itələmək lazım gəlmədi. Otaqda böyük qarşılıqlı hörmət hiss olunurdu, çünki tərəflər həqiqətən həll yolları axtarırdılar”, – deyə mənbə bildirib.
"Axios"un məlumatına görə, danışıqlarda ərazilərlə bağlı məsələlər, Zaporojye AES üzərində nəzarət, eləcə də hər iki tərəfdən mümkün deeskalasiya tədbirləri müzakirə olunub.
Qeyd edək ki, yanvarın 23-də Əbu-Dabidə təhlükəsizlik məsələləri üzrə üçtərəfli məsləhətləşmələrin ilk günü keçirilib, yanvarın 24-də isə ikinci görüş baş tutub.