AZ

AFFA VƏ PFL Quba stadionuna veto qoymalıdır!

32 günlük fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasına start verildi. İş elə gətirdi ki, ilk oyun Qubaya təsadüf etdi, “İmişli-Araz-Naxçıvan” matçına.

Qarlı havalardan sonra Quba stadionunda normal futbol izləyəcəyimizə əmin deyildik. Həqiqətən də belə oldu. Meydanın vəziyyəti o qədər bərbad idi ki, futbolçular 2 metrə ötürmə verməyə çətinlik çəkirdilər. 2026-ci ildə Premyer Liqa matçının belə stadionda keçirilməsi həqiqətən də rüsvayçılıqdır. Əgər AFFA və PFL çemionatımızın dəyərinin artmasını istəyirsə, belə meydanlarda oyunların keçirilməsinə icazə verməməlidir.

Təsəvvür edin ki, yüksək liqa oyununu Qubada cəmi-cümlətanı 60 nəfər izləyib. Həmin vaxt Quba Avtovağzalında olan taksiçilərin sayı bundan qat-qat çox idi. Ümumiyyətlə, “İmişli”nin Qubada axı nə işi var?  Bu komandanı Quba ilə heç nə bağlamır. Bu gedişlə İmişli ilə olan bağlar da itib gedəcək. Bir tərəfdən istəyirik ki, Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasında pley-off-a çıxsın, digər tərəfdən də liqamızda belə belə bərbad meydanların olmasına göz yumuruq.

Sabah “Qarabağ”, “”Sabah”, “Turan Tovuz” kimi komandaları bahalı legionerləri Qubada ağır zədə alsalar, buna görə kim cavab verəcək?

“İmişli” ev oyunlarını Şamaxıda da keçirə bilər, lazım gəlsə Qəbələdə də. Necə ki, “Kəpəz” Yevlaxa köçməmişdən qabaq xeyli müddət rəqiblərini Qəbələnin xalça kimi təbii ot örtüklü meydançasında qəbul etdi. “Karvan” da bir müddət ev oyunlarını Şamaxı stadionunda keçirdi.

İndi AFFA və PFL məsələyə müdaxilə edib “İmişli”nin Premyer Liqanın heç bir tələblərinə uyğun gəlməyən Quba Olimpiya Kompleksinin stadionunda oynamasına icazə verməməlidir.

Seçilən
79
msport.az

1Mənbələr