AZ

Nyu-Yorkda güclü qar səbəbindən bütün dövlət məktəbləri bağlanıb

Şəhər rəhbərliyi təhlükəsizlik məqsədilə təhsili müvəqqəti olaraq onlayn formata keçirir...

Poliqon xəbər verir ki, Nyu-York meri Zohran Mamdani və şəhərin dövlət məktəbləri sisteminin rektoru Kamara Semyuels ekstremal hava şəraiti ilə əlaqədar bütün dövlət məktəblərinin binalarının bazar ertəsi, 26 yanvar tarixində bağlanacağını açıqlayıblar. Şəhər meriyasının yaydığı rəsmi bəyanata əsasən, həmin gün tədris prosesi distant, yəni onlayn formatda davam etdiriləcək.

Açıqlamada vurğulanır ki, qərar qəbul edilərkən əsas prioritet şagirdlərin, ailələrin və təhsil müəssisələrinin əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasıdır. Eyni zamanda, təhsilin fasiləsizliyi qorunacaq və Nyu-York ştatının tədris ili üzrə tələb etdiyi 180 günlük təhsil normasına əməl ediləcək.

Qərara əsasən, dərsdənkənar fəaliyyətlər, böyüklər üçün təhsil proqramları və məktəblərlə bağlı digər bütün əlavə proqramlar da ləğv olunur. Distant təhsilə keçid şəhər üzrə 1100-dən çox məktəbdə oxuyan təxminən 500 min şagirdi əhatə edəcək.

Qeyd edək ki, son günlər ABŞ-nin böyük hissəsi güclü qar fırtınaları və buzlu hava şəraiti ilə üz-üzə qalıb. Bu hava hadisələri bir sıra ştatlarda elektrik enerjisinin verilişində fasilələrə, minlərlə aviareysin ləğvinə və nəqliyyat infrastrukturunda ciddi pozuntulara səbəb olub. Sinoptiklər qar yağışının və əlverişsiz hava şəraitinin yaxın günlərdə də davam edəcəyini istisna etmirlər.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr