AZ

Tengiz Şarmanaşvili: Qonşu ölkələr arasında sülh regionun inkişafını sürətləndirəcək

Tbilisi, 26 yanvar, AZƏRTAC

"Qonşu ölkələr arasında sülh regionun inkişafını sürətləndirəcək, Gürcüstan əsas nəqliyyat mərkəzlərindən biri olaraq qalacaq".

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının deputatı Tengiz Şarmanaşvili söyləyib.

ABŞ-ın Ermənistan–Azərbaycan münaqişəsinin həllində fəal rolunu və bunun Cənubi Qafqazın inkişafına təsirini yüksək qiymətləndirən deputat bildirib ki, ABŞ bu münaqişənin nizamlanması istiqamətində ciddi addımlar atıb. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri bu səylərin davamı kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp münaqişələrin müvəqqəti deyil, uzunmüddətli və davamlı şəkildə həll olunmasında maraqlıdır.

“Qonşu ölkələr bir-biri ilə nə qədər dinc münasibətlərdə olarsa, regionun inkişafı bir o qədər perspektivli olacaq. Ermənistan–Azərbaycan münaqişəsi dünyanın ən mürəkkəb münaqişələrindən biri idi və bu məsələnin həllində ABŞ-ın, xüsusilə də Tramp administrasiyasının böyük rolu var”,- deyə Şarmanaşvili vurğulayıb.

O, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə də toxunaraq qeyd edib ki, bu marşrutun Gürcüstanın tranzit rolunu zəiflədəcəyi ilə bağlı iddialar əsassızdır. Gürcüstan gələcəkdə də regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri olaraq qalacaq.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfəri planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında bu səfərin regionda sülh səylərini gücləndirmək məqsədi daşıdığını bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
35
azertag.az

1Mənbələr