AZ

Almaniyalı alim: Azərbaycanın hər bir təşəbbüsü liderlik keyfiyyətinin nümayişdir

Bakı, 26 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

Qafqaz regionu, ilk növbədə, dominant böyük dövlətlərin rəqabət maraqlarının kəsişməsində yerləşməsinə görə müasir dünyada əhəmiyyətli geosiyasi rol oynayır. Belə bir şəraitdə regiondakı dövlətlər faktiki olaraq iki strateji seçimlə qarşılaşır: ya böyük dövlətlərdən biri ilə bir araya gəlmək, ya da dinc yanaşı yaşamaq və regional birlik yolu ilə müəyyən bir neytrallığa nail olmağa çalışmaq.

Bu barədə AZƏRTAC-a verdiyi müsahibədə Almaniyanın Köln Universitetinin beynəlxalq münasibətlər və geosiyasət üzrə professoru Klemens H. Fişer bildirib.

Müxtəlif xarici güc mərkəzləri ilə bir araya gəlməyin regiondakı dövlətləri əks təsir alətlərinə çevirmək riskini daşıdığını və bunun labüd olaraq müəyyən dərəcədə suverenliyin itirilməsinə səbəb olduğunu qeyd edən Klemens H. Fişer dinc yanaşı yaşama modelinin həyata keçirilməsinin daha çətin olsa da, əhəmiyyətli bir üstünlük təklif etdiyini bildirib. Onun sözlərinə görə, belə olan halda region müstəqil inkişaf imkanı qazanır və dövlətlərin suverenliyi uzunmüddətli perspektivdə qorunur.

“Bu kontekstdə Azərbaycan birgə yaşama məsələsində əsas element kimi mühüm rol oynayır. Əlbəttə ki, bir sıra qonşu dövlətlərlə tarixən çətin münasibətlər nəzərə alınmalıdır və bu yol müəyyən dərəcədə qeyri-müəyyənliklə müşayiət olunur. Azərbaycanın bu istiqamətdə hər bir təşəbbüsü düzgün istiqamətdə atılan addımdır və liderlik keyfiyyətini nümayiş etdirir”, - deyə alman ekspert vurğulayıb.

Seçilən
22
azertag.az

1Mənbələr