AZ

Ekspert: Ankara Ermənistandakı proseslərə xüsusi diqqət yetirməlidir

Ankara, 26 yanvar, AZƏRTAC

Hakimiyyət dəyişikliyi və ya Ermənistanın hazırkı siyasətində ciddi bir düzəliş, o cümlədən PKK terrorçuları ilə yaxınlaşma vasitəsilə İrəvanda Türkiyə və Azərbaycan əleyhinə əhvali-ruhiyyənin güclənməsinə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin “Diplomatiya və Strategiya” jurnalının baş redaktoru İlkut Taha Taşlı yanvarın 26-da bir neçə Türkiyə media orqanı tərəfindən yayılan analitik məqaləsində ifadə edib.

Ekspert əlavə edib ki, 1915-ci il hadisələri ilə bağlı uydurma iddialar Ermənistan cəmiyyətində türklərə qarşı düşmənçiliyi qızışdırır. İlkut Taşlı qeyd edib: “Başqa bir amil Qarabağdakı məğlubiyyətin “travması” ola bilər. Bütün bunlar erməniləri Türkiyə və Azərbaycanın düşmənləri ilə əməkdaşlıq barədə düşünməyə vadar edə bilər”.

Onun sözlərinə görə, terrorçulara təhlükəsiz səyahət marşrutları, logistika təchizatı və kəşfiyyat məlumatları təmin etməklə yanaşı, Ermənistan “kürd problemi” mifini təbliğ etməyə başlaya bilər. O izah edib ki, İrəvanın diaspordakı təsirindən istifadə edərək həmin məsələ ilə bağlı təbliğatı qondarma “soyqırımı” haqqında rəvayətlərlə uyğunlaşdırması və bununla da Türkiyənin beynəlxalq imicinə xələl gətirməyə cəhd etməsi də istisna olunmur.

Bundan əlavə, erməni terrorçu qrupları PKK terrorçularına dəstək elan edə bilərlər ki, bu da regionda sabitliyin pozulması potensialına malikdir.

“Bütün bunlar Türkiyənin Ermənistandakı hadisələrə xüsusi diqqət yetirməsini tələb edir”, - deyə o vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
30
1
azertag.az

2Mənbələr