"Avropa İttifaqı Qrenlandiyanın dəstəklənməsi və inkişafına yönələn investisiya planını tezliklə təqdim edəcək".
7News.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) beynəlxalq tərəfdaşlıq üzrə komissarı Jozef Sikela deyib.
"Qrenlandiyada gündəlik həyatı yaxşılaşdıracaq və ada sakinlərinin müstəqil qərar vermək hüququna dəstəyimizi gücləndirəcək əhəmiyyətli bir investisiya paketi hazırlayırıq", - deyə komissar bildirib.
Nəşrin məlumatına görə, investisiyalar bərpa olunan enerji mənbələrinin inkişafı, kommunikasiyaların təmin edilməsi, müdafiə sənayesi və elektrikli nəqliyyat vasitələrinin istehsalı ilə bağlı Aİ layihəsinə kömək üçün istifadə olunacaq.
Aİ adaya investisiyaları təxminən ikiqat artıraraq, 500 milyon avroya çatdırmağı və mövcud layihələri də dəstəkləməyi planlaşdırır.
Sikelanın yanvarın 26-da Danimarkaya səfəri və xarici işlər naziri Lars Lökke Rasmussen də daxil olmaqla yüksək vəzifəli şəxslərlə görüşməsi planlaşdırılır.