AZ

Valideynlərin uşaqlara özbaşına antibiotik vermələrinin FƏSADLARI

"Antibiotiklər müasir dövrün ən mühüm kəşflərindən biri olsa da, onların düzgün və məqsədli istifadəsi olduqca vacibdir. Xüsusilə uşaqlarda antibiotiklərin həkim məsləhəti olmadan, ananın öz təşəbbüsü ilə verməsi ciddi fəsadlara səbəb ola bilər".

Azreform.info oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişinin efirində pediatr Aynur Adıgözəlova açıqlayıb.

Onun sözlərinə görə, bütün valideynlərə aid olmasa da, bəziləri tez sağalması düşüncəsi ilə ilkin əlamətlərdə kor-koranə antibiotikə əl atırlar:

"Ən böyük problemlərdən biri antibiotiklərə rezistentliyin (davamlılığın) yaranmasıdır. Antibiotik lazım olmadığı və ya qeyri-düzgün dozada verildiyi halda, bakteriyaların həmin dərmanlara qarşı davamlılığı artır. Bu isə gələcəkdə uşağın həqiqətən antibiotikə ehtiyacı olduqda müalicənin təsirsiz qalmasına səbəb ola bilər. Nəzərə alsaq ki, bəzi uşaqların antibiotiklərə qarşı həssaslığı və güclü allergik reaksiyası olur, bu, istifadə oluna biləcək dərman siyahısını da azaldır".

Pediatr qeyd edib ki, allergik reaksiyalar özünü zəif dəri səpkilərindən tutmuş, ağır anafilaktik reaksiyalar şəklində göstərə bilər:

"Tibbi personal antibiotik istifadəsindən əvvəl hər zaman sınaq aparır. Əgər hansısa reaksiya qeydə alınarsa, o antibiotikin istifadəsi qəti qadağan olunur. Amma təəssüf olsun ki, tibbi təhsili olmayan valideynlər bu qaydalara əməl etmirlər. Antibiotiklər virus mənşəli xəstəliklərdə də təsirsizdir. Soyuqdəymə, qrip, öskürək çox vaxt virus mənşəli olur. Belə halda antibiotik vermək uşağı nə sağaldır, nə də xəstəliyin müddətini qısaldır. Lazımsız dərman yüklənməsi ilə əlavə stres yaradır. Digər mühüm fəsad uşağın immun sisteminə mənfi təsiridir. Antibiotik pis və yaxşı bakteriyaları ayıra bilmədiyinə görə qarşısına çıxan bütün canlıları öldürür. Ən çox əziyyət çəkən isə bağırsaq mikroflorası olur. Bu isə uşaqda bağırsaq disbakteriozuna səbəb olur. İshal, qarın ağrıları, köp və həzm problemləri, dolayısı ilə orqanizmə lazım olan formalı elementlərin sovrulmasının pozulması baş verir. Bəzən bağırsaq mikroflorasının tam bərpası uzun zaman alır".

Ekspert qeyd edib ki, bakterial infeksiyalar adətən yüksək hərarət, ishal, öskürək və baş ağrıları ilə keçir. Orqanizmin immun sisteminin üzərinə böyük yük düşür:

"Orqanizm xəstəliklə mübarizə aparmaq üçün bütün imkanlarını səfərbər edir. Buna görə də uşaqda ananı narahat edən əzginlik, halsızlıq, yorğunluq, yuxusuzluq və əhvalın düşməsi kimi hallar baş verir. Çox vaxt valideynlər bunu antibiotiklərin ağırlaşması kimi dəyərləndirir və əlavə müalicəyə ehtiyac olduğunu düşünür. Əksər hallarda, sağlam və ağırlaşmamış keçən xəstəliklərdən sonra xüsusi dərman müalicəsinə ehtiyac olmur. Düzgün qidalanma, düzgün yuxu rejimi və kifayət qədər maye qəbulu sayəsində uşağın orqanizmi özünü tədricən bərpa edir".

Seçilən
48
7
azreform.info

8Mənbələr