Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün Azərbaycanın İrandakı səfirliyində törədilən terror hücumundan üç il ötür.
Oxu.Az Nocomment.az-a istinadən xatırladır ki, 2023-cü il yanvar 27-də Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu həyata keçirilib. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.
Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb.
Hadisə ilə bağlı danışan Vasif Tağıyevin anası Təranə Tağıyeva bildirib ki, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyyat itkisi qalmaqdadır.
Onun sözlərinə görə, Vasif Tağıyev hazırda öz istəyi ilə fəaliyyətini Azərbaycanın Ukraynadakı səfirliyində davam etdirir:
"Müharibə şəraitinə baxmayaraq, bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün, demək olar ki, həyəcan siqnalı verilir".
Qeyd edək ki, Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.