Hesabatlılıq olmadan etibar, etibar olmadan isə inkişaf mümkün deyil. Bu baxımdan dövlət qurumlarının mütəmadi olaraq jurnalistlərin qarşısına çıxması və cəmiyyətə hesabat verməsi vacibdir.
Əlbəttə, müxtəlif sahələrdə müəyyən problemlər və çatışmazlıqlar mövcuddur. Dövlət qurumlarının əsas vəzifəsi bu məsələlərin həlli istiqamətində konkret addımlar atmaqdır. Media və vətəndaş cəmiyyəti institutlarının vəzifəsi isə həmin problemləri obyektiv şəkildə gündəmə gətirməkdən ibarətdir.
Bu proses qarşılıqlı etimad və əməkdaşlıq şəraitində, harmonik formada təşkil olunmalıdır.
Adətən bu tip ənənəvi hesabatlar ilin sonu və ya cari ilin əvvəllərində keçirilir və bu, formalaşmış, vacib bir ənənə hesab olunur.
Hesab edirəm ki, belə hesabatlılıq mexanizmləri ictimai etimadın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, fəaliyyətim çərçivəsində dövlət qurumlarının keçirdiyi hesabat xarakterli mətbuat konfranslarını mütəmadi olaraq monitorinq edir, hansı qurumların daha açıq və hesabatlı olduğunu təhlil edirəm.
Eyni zamanda, bu hesabatlılığı və müsbət nümunələri cəmiyyətə düzgün və obyektiv şəkildə çatdırmağı vacib hesab edirəm.
Ötən ilin sonlarında maliyyə naziri və bu ilin əvvəlində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən dövlət televiziyasına geniş müsahibələrin şahidi olduq. Yanvar ayı ərzində Əmək və Əhalinin Müdafiəsi nazirliyi tabelində olan qurumlar ardıcıl olaraq mətbuatın qarşısına çıxdılar.
Belə ki, Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi ötən ilin yekunları və 2026-cı il üzrə planlarla bağlı cəmiyyəti ətraflı məlumatlandırıb.
Apardığımız monitorinqin nəticələrinə əsasən məlum olub ki, eyni zamanda Xarici İşlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi də ilin yekunları ilə bağlı mətbuat konfransları keçiriblər.
Mətbuat konfransları çərçivəsində jurnalistlərin sualları cavablandırılıb, ictimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Əlbəttə, ilin əvvəlidir və ümid edirəm ki, digər qurumlar da mətbuatın qarşısına çıxmaqdan çəkinməyəcəklər.
P.S. Bu mövzu uzun müddətdir diqqətimdə idi və məsələ ilə bağlı qeydlərimi bölüşmək gündəliyimdə yer alırdı. Bu gün Dövlət Məşğulluq Agentliyinin mətbuat konfransına dəvət olunmağım isə bu qeydləri ictimaiyyətlə paylaşmaq üçün əlavə əsas yaratdı.
P.S.S. Bu günkü mətbuat konfransına gəldikdə isə, hər mətbuat konfransında olduğu kimi, ictimaiyyətlə əlaqələr bölməsinin həssas və anlayışlı yanaşması diqqət çəkirdi. Bu struktur faktiki olaraq həmkarları ilə qurum rəhbərliyi arasında bir körpü rolunu oynayır.
Məncə, mətbuat katiblərinin ilboyu – 365 gün ərzində gördüyü iş də məhz bu sahədə formalaşan ümumi ab-havanın yaranmasında mühüm rol oynayır. Qeyd etməliyəm ki, bu gün həmin ab-hava kifayət qədər müsbət və konstruktiv idi.
Cəsarət Hüseynzadə,
QHT.az saytının rəhbəri,
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri