AZ

Fransa parlamenti hökumətə qarşı yeddinci etimadsızlıq səsverməsini rədd edib

Lekornyu hökumətini istefaya göndərmək cəhdi yenə uğursuz olub...

Poliqon xəbər verir ki, Fransa Milli Assambleyasının deputatları baş nazir Sebastyan Lekornyunun rəhbərlik etdiyi hökumətə qarşı irəli sürülən yeddinci etimadsızlıq votumunu dəstəkləməyiblər. Milli Assambleyanın iclası parlamentin X sosial şəbəkəsindəki rəsmi səhifəsində canlı yayımlanıb.

Milli Assambleyanın sədri Yael-Bron Pive səsvermənin nəticələrini elan edərək bildirib ki, tələb olunan səs çoxluğu toplanmadığı üçün qətnamə qəbul olunmayıb. Onun sözlərinə görə, hökumətin istefasının lehinə cəmi 267 deputat səs verib. Halbuki etimadsızlıq votumunun qəbul edilməsi üçün 577 deputatdan ən azı 289-unun dəstəyi lazım idi.

Qeyd olunur ki, bu, Lekornyu hökumətini istefaya göndərmək məqsədilə parlamentdə irəli sürülən yeddinci cəhd olub. Bundan əvvəl, 23 yanvar tarixində keçirilən səsvermədə də analoji təşəbbüs rədd edilmişdi. Həmin vaxt bu, artıq altıncı etimadsızlıq cəhdi idi və onun lehinə cəmi 142 deputat səs vermişdi. O zaman da tələb olunan hədd – 288 səs – toplanmamışdı.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron ötən ilin 11 oktyabrında Sebastyan Lekornyunu istefasından bir neçə gün sonra yenidən baş nazir vəzifəsinə təyin etmişdi. Lekornyu bu qərarı “siyasi böhranı aradan qaldırmaq üçün borc hissi ilə” qəbul etdiyini bəyan etmişdi. O, partiyalararası ziddiyyətlər fonunda 6 oktyabrda, vəzifəyə təyin olunmasından təxminən bir ay sonra postunu tərk etmişdi.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr