AZ

14 Avropa ölkəsi Rusiyanın “kölgə donanması”na sərt xəbərdarlıq edib

Baltik və Şimal dənizlərində təhlükəsizlik riskləri artır. Avropa dövlətləri qanun pozan gəmilər üçün yeni tələblər irəli sürür...

Poliqon Bloomberg Agentliyimə istinadən xəbər verir ki, 14 Avropa ölkəsi Rusiyaya bağlı “kölgə donanması” adlandırılan gəmilərə qarşı birgə bəyanatla çıxış edərək regionda dəniz təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlarını ifadə edib. Bəyanatda Baltik və Şimal dənizlərində üzən, beynəlxalq qaydalara əməl etməyən gəmilərin yaratdığı risklər sadalanır və bu sularda fəaliyyət göstərən bütün gəmilər üçün konkret tələblər irəli sürülür.

Sənədə əsasən, regionda üzən gəmilər yalnız bir dövlətin bayrağı altında fəaliyyət göstərməlidir. Bir neçə bayraqdan istifadə edən gəmilər “vətəndaşlığı olmayan gəmi” kimi tanına və beynəlxalq hüquqa uyğun olaraq saxlanıla bilər. Bundan başqa, gəmilərin etibarlı və qüvvədə olan sənədlərə, o cümlədən sığorta təminatına malik olması tələb olunur. Avropa ölkələri həmçinin avtomatik identifikasiya sisteminin (AIS) daimi işlək vəziyyətdə saxlanılmasını və yerli naviqasiya məhdudiyyətlərinə ciddi şəkildə əməl edilməsini vacib şərt kimi irəli sürür.

Bəyanatı imzalayan ölkələr arasında Böyük Britaniya, Fransa, Almaniya, Baltik ölkələri, Polşa, Niderland və Norveç də yer alır. Sözügedən dövlətlər xəritədə mavi rənglə qeyd olunub.

Bloomberg Agentliyi qeyd edir ki, bu addım Avropa ölkələrinin qaydaları pozan gəmilər üçün “oyunun qaydalarını sərtləşdirdiyini” göstərir və riskləri artırır.

Agentliyin məlumatına görə, hazırda dünya üzrə təxminən 1500 tanker “kölgə donanması”na daxildir. Bu gəmilər əsasən Rusiya, İran və Venesuelaya məxsus neftin daşınmasında istifadə olunur və çox vaxt sanksiyalardan yayınmaq üçün bayraq, marşrut və texniki məlumatlarla manipulyasiya edirlər. Avropa ölkələri isə yeni tələblərlə bu fəaliyyətlərin qarşısını almağı və regionda ekoloji, iqtisadi və təhlükəsizlik risklərini minimuma endirməyi hədəfləyir.

Poliqon.info

Seçilən
83
poliqon.info

1Mənbələr