Sumqayıt Dövlət Universitetinin tələbəsiyəm. Gənclər şəhərinin bu ali təhsil ocağında mənim kimi yüzlərlə tələbə təhsil alaraq müxtəlif elmlərin sirlərini öyrənir.
Müəllim-tələbə münasibətləri düzgün qurulduğundan burada oxuyan hər bir gənc üzərinə düşən məsuliyyəti dərk edir və aldığı biliklərin daha mükəmməl olmasına çalışır. Birinci kurs tələbəsi olaraq mən bunu universitetə qəbul olunduğum ilk gündən hiss edirəm.
Universitetimizdə həkim nəzarətindən tutmuş texniki dərs vasitələrinə qədər təhsilimizə dəstək verən nə varsa, hamısı yeni qaydalara əsaslanır. Bir məsələni isə xüsusi olaraq qeyd etmək istəyirəm. Payız semestrinin imtahan sessiyası başlayandan universitetin rəhbərliyi imtahan gedən hər auditoriyaya baş çəkir və onun gedişini sonadək izləyir. Düzü, bir tələbə olaraq bu, çox xoşumuza gəlir. Çünki təhsil aldığın müəssisənin rəhbərliyinin imtahanlarda iştirakı şəffaflığın göstəricisidir. Bir çox halda rektor özü şəxsən tələbələri sual-cavab edir. Bundan sonra hər tələbəyə dediyi söz, söylədiyi fikir, verdiyi məsləhət təhsildə bizim meyarımıza çevrilir.
Rəhbərlik bizimlə söhbət zamanı bildirir ki, sizin aldığınız təhsil sonda Vətənin inkişafına xidmət edir. Hər birinizin elmi potensialı gələcəkdə ölkəmizə damcı qədər xeyir gətirərsə, bu, sonra dənizə çevrilir. Məhz bu meyarla müəllimlərimizin də hər biri aldığımız təhsilin mükəmməlliyi məsələsinə diqqətlə yanaşır.
Bütün bunları görən biz tələbələrin məsuliyyəti birə-beş artır. Həm də tələbə onu valideyni qədər düşünən dəyərli insanlarla təmasda olmağından qürur duyur.
Nuray ƏLİYEVA,
SDU-nun tələbəsi