AZ

Qeysəriyyə, abort və qanunda boşluq: Doğuşun azalmasının görünməyən səbəbləri - MÜSAHİBƏ

Statistika Komitəsinin son məlumatlarına əsasən son illərdə Azərbaycanda doğulan körpə sayı azalıb.

Aznews.az TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli ilə doğulan uşaq sayının azalmasının səbəbləri, ana və uşaq ölümləri ilə bağlı statistika və ölüm səbəbləri, qeysəriyyə əməliyyatlarının kəskin artım tempi, Reproduktiv Sağlamlıq haqqında Qanunun zəruriliyi, hamiləlik dövründə normal çəki artımı, autizmin diaqnostikası, tibbdə süni intellektin tətbiqi və digər aktual məsələlərə dair geniş müsahibəni təqdim edir.

Doğulan uşaq sayının azalmasının əsas səbəblərindən biri qeysəriyyə əməliyyatlarıdır

Təranə Rəcəbli qeyd edib ki, müasir qloballaşan dünyada bir çox inkişaf etmiş ölkələrdə doğulan uşaq sayında azalma müşahidə olunur.

Həkimin sözlərinə görə, bəzi ölkələrdə əhali artımı kritik səviyyədə enib və əhalinin yaşlanması prosesi gedir:

“Bu olduqca ciddi problemdir. Lakin səbəblər yalnız tibbi amillərlə məhdudlaşmır. Gec ailə qurmaq, cərrahi doğuşlara üstünlük verilməsi və sosial məsələlər də bu prosesə təsir göstərir. Ailədə bir və ya iki uşağa üstünlük verilməsi də əsas səbəblər sırasındadır.

Əvvəllər dünyada hər üç uşaqdan biri qeysəriyyə kəsiyi ilə doğulurdusa, artıq Azərbaycanda da bu tendensiya artmaqdadır. Qeysəriyyə doğuşları doğulan uşaq sayını məhdudlaşdırır. Belə ki, uşaqlıq üzərində yaranan çapıq toxuma, adətən, maksimum üç hamiləliyə imkan verir. Çapığın yetərsizliyi, patoloji cift gəlişləri və ciftlərin bitişməsi həm uşaq sayının azalmasına, həm də dolayı yolla ana ölümlərinə səbəb olur.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər yetirdikdə görürük ki, cift patologiyalarının və hamiləlik patologiyalarının sayı artmaqdadır. Bunun əsas səbəbi isə çapıq toxumanın yaratdığı fəsadlardır”.

Komissiya sədrinin sözlərinə görə, qadınların qeysəriyyə əməliyyatına üstünlük verməsinin əsas səbəbi doğuş ağrısıdır:

“İkinci səbəb isə psixoloji amillərlə bağlıdır. TƏBİB sədri son brifinqdə qeyd edib ki, TƏBİB tabeli tibb müəssisələrində ana və uşaq ölümü hallarında azalma müşahidə olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda yersiz qeysəriyyə əməliyyatlarına görə inzibati cərimə nəzərdə tutulub. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş klinik protokollarda cərrahi doğuşlar ciddi qaydalarla tənzimlənir.

Qeysəriyyə kəsiyinin geniş yayılması demoqrafik göstəricilərə birbaşa təsir edir. Qadınlar çoxsaylı hamiləlik keçirə bilmir, cift bitişmələri və döl yumurtasının çapıq toxumaya bitişməsi uşaqlığın itirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, uşaqlığın cırılması (ruptura) kimi ağır fəsadlar da baş verə bilər. Bunlar qeysəriyyə əməliyyatlarının əsas təhlükələri hesab olunur”.

Qeysəriyyə əməliyyatları arasında ideal fasilə üç ildir

Həkim bildirib ki, qeysəriyyə əməliyyatlarından sonra hamiləliklər arasında fasilənin düzgün seçilməsi mühüm əhəmiyyət daşıyır:

“Fasilənin həm qısa, həm də həddindən artıq uzun olması risklidir. Məsələn, on il əvvəl qeysəriyyə əməliyyatı olunmuş qadın on ildən sonra hamiləlik planlaşdırdıqda tikiş yetməzliyi problemi yarana bilər. Bu səbəbdən hamiləliklər planlı şəkildə və mütəxəssis nəzarəti altında həyata keçirilməlidir. Qeysəriyyə əməliyyatları arasında ideal fasilə üç il hesab olunur”.

Ana ölümlərinin sayının azalması üçün ilk öncə ölümlə nəticələnməyən kritik halların sayı azaldılmalıdır

Təranə Rəcəbli ana və uşaq ölümlərinin səbəblərinə də diqqət çəkib. Həkim qeyd edib ki, ana və uşaq ölümlərinin azaldılması bütün dünyada prioritet məsələdir:

“Son illərdə mütləq rəqəmlərdə ciddi azalma qeydə alınıb. Ölkə üzrə doğuşayardım müəssisələrinin təxminən 80 faizi TƏBİB tabeliyində fəaliyyət göstərir. TƏBİB tabeli tibb müəssisələrində hamiləlik, doğuş və zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpə ölümü, eləcə də ağırlaşmış doğuş hallarının təhlili aparılır.

Ana ölümlərinin azaldılması təkcə ölüm hallarına fokuslanmaqla mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu proses ölümlə nəticələnməyən kritik halların azaldılması ilə birbaşa bağlıdır. Bu anlayış ölüm təhlükəsindən xilas edilən anaları ifadə edir. Məsələn, İngiltərədə hər 118 ölümlə nəticələnməyən kritik hala 1 ana ölümü düşürsə, Hindistanda bu göstərici 6-ya qarşı 1-dir”.

Komissiya sədri TƏBİB tabeli tibb müəssisələrində ana ölümləri ilə yanaşı, ölümlə nəticələnməyən kritik halların da təhlil edildiyini vurğulayıb:

“Sual belə qoyulur: Neçə ananı ölümün pəncəsindən xilas edə bilmişik və neçə ananı itirmişik? Bu yanaşma həm sistemdəki boşluqları, həm də mümkün tibbi səhvləri üzə çıxarmağa imkan verir”.

Hamiləlikdə ana ölümlərinin əsas səbəbləri qanaxmalar, ağır talassemiya, bədxassəli şişlər və ürək qüsurlarıdır

Təranə Rəcəblinin sözlərinə görə, ana ölümlərinin səbəbləri arasında qanaxmalar üstünlük təşkil edir:

“ÜST-nin 2020-ci il hesabatına əsasən, növbəti yerlərdə preeklampsiyalar, tromboemboliyalar və ekstragenital xəstəliklər dayanır. Statistika Komitəsinin məlumatları hamiləlik və zahılıq dövründə qadınlar arasında endokrin pozğunluqların, ürək-damar xəstəliklərinin və anemiyaların artdığını göstərir.

Təhlil etdiyimiz hallarda anadangəlmə ürək qüsuru, ağır formalı talassemiya və bədxassəli şiş xəstəlikləri olan hamilə qadınlar arasında ölüm halları qeydə alınıb. Hamiləlik son dərəcə ciddi və məsuliyyətli bir mərhələdir. Mütəmadi tibbi müayinələrdən keçməmək və ekstragenital xəstəliklərin vaxtında müalicə edilməməsi ana ölümünə gətirib çıxara bilər”.

Doğuşayardım Komissiyasının sədri praktikada rastlanan ölüm hallarından da danışıb:

“Təcrübəmizdə epilepsiya səbəbindən üç ana ölümü baş verib. Bəzi qadınlar ailə qurarkən epilepsiya xəstəliyini gizlədir, təyin olunmuş dərmanları qəbul etmir və nəticədə hamiləlik dövründə ölüm halları baş verir. İki halda isə ölüm asfiksiya nəticəsində qeydə alınıb. Dərman qəbul edilmədiyi üçün ev şəraitində epileptik tutma baş verib və qadın tutmadan sonra asfiksiyadan vəfat edib.

Eyni zamanda, vərəm xəstəliyi səbəbindən də ölüm halı müşahidə olunub. Vərəm xəstəsi olan bir qadın süni mayalanma yolu ilə hamilə qalıb, lakin xəstəliyini gizlədib. Yetərli müayinələr aparılmadığı üçün xəstəlik vaxtında aşkarlanmayıb. Ölümündən sonra aparılan meyit yarılması zamanı miliar vərəm diaqnozu müəyyən edilib”.

Qadının boşandığı üçün uşağı doğmaq istəməməyi abort üçün əsas deyil

Təranə Rəcəbli abortlarla bağlı bəzi məqamlara diqqət çəkib. Həkimin sözlərinə görə, dünya üzrə erkən nikahlar ana və körpə ölümünə birbaşa təsir edir:

“Hər ölkənin inkişaf səviyyəsinə uyğun olaraq bu göstərici dəyişsə də, orta hesabla hər 224 erkən nikaha 1 ana ölümü riski düşür. Azərbaycanda da statistika bu göstəriciyə uyğundur. Qanunvericilikdə nikah yaşının 18-ə qaldırılması erkən nikahların sayının azalmasına səbəb olub.

Hər arzuolunmayan hamiləlik və selektiv abortlar demoqrafiyaya ciddi təsir göstərir. Abortların həyata keçirilməsi üçün İctimai Sağlamlıq və İslahatlar Mərkəzi (İSİM) tərəfindən müvafiq protokollar mövcuddur. Eyni zamanda, təhlükəsiz abortlara dair klinik protokollar da tətbiq edilir”.

Həkim qeyd edib ki, hamiləlik bütün hallarda qadının istəyi ilə pozula bilməz:

“12 həftəyə qədər hamiləlik qadının istəyi əsasında pozula bilər. Lakin dölün cinsiyyəti 12-ci həftədən sonra müəyyənləşir. 12-ci həftədən sonra selektiv abort edildikdə, həkim də burada məsuliyyət daşıyır. Yəni, qadın 12-ci həftəyə qədər hamiləliyini sonlandıra bilər, lakin 12-ci həftədən sonra hamiləliyin pozulması üçün ciddi sosial və tibbi göstərişlər olmalıdır. Bu qərar həkim komissiyalarının rəyi əsasında həyata keçirilir.

2015-ci ildən Azərbaycanda diridoğulma meyarları dəyişib. Artıq 22 həftədən doğulan uşaqlar diridoğulma hesab edilir. Sosial göstərişlər çərçivəsində hamiləliyin pozulmasına rəy verilə bilər, əgər qadınla kişi boşanıbsa, qadının işi yoxdursa, evi yoxdursa və müvafiq sənədləri təqdim edirsə. Tibbi göstərişlərə isə körpənin həyatla uzlaşmayan tibbi qüsuru və ananın həyati təhlükədə olması daxildir”, o, bildirib.

Bəzən qadınlara hamiləlik dövründə sağlamlıqdan çox doğuşdan sonrakı mərasimlər və “parti”lər maraqlıdır

Həkimin sözlərinə görə, hamilə və ana olmağa hazırlaşan qadınlar öz sağlamlıqlarına ciddi yanaşmırlar:

“Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu məqsədlə mobil tətbiqlər yaradılıb. 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında həmin mobil tətbiqlərə əlçatanlığın artırılması bir sıra qurumlar tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Bu tətbiqlərə nümunə olaraq “Burla Xatun” mobil aplikasiyasını qeyd etmək olar. Biz ilkin səhiyyə xidmətinin hesabatlarında bu aplikasiyaların təbliği ilə bağlı məlumatların təqdim olunmasını tələb edirik. Hər bir hamilə qadın bu tətbiqlər vasitəsilə hamiləlik dövründə və hamiləlikdən sonrakı mərhələdə həm özünə, həm də körpəsinə qulluqla bağlı mühüm məlumatlar əldə edə bilər.

Bu yaxınlarda Yapon şirkətlərindən biri yazılım məqsədilə bura gəlmişdilər. Mən onlara mövcud aplikasiyalarımızı təqdim etdim. Onların hazırlamaq istədiyi proqram daha sadə idi. Bizim gördüyümüz işlərlə tanış olduqdan sonra xeyli təəccübləndilər və özləri üçün qeydlər apardılar”.

Komissiya sədri vurğulayıb ki, TƏBİB bu məsələlərə olduqca ciddi yanaşır:

“TƏBİB hər altı aydan bir doğuşayardım müəssisələrindən hesabat alarkən mobil aplikasiyalardan istifadə göstəricilərinə də xüsusi diqqət yetirir. Hamiləliyin ay-ay izlənməsi üçün ayrıca mobil tətbiqlərimiz mövcuddur. Hazırda doğuş, doğuşayardım, körpələrə qulluq və müxtəlif xəstəliklərlə bağlı ümumilikdə 13 mobil aplikasiya istifadəyə verilib. Bu tətbiqlər vasitəsilə qadınlar zəruri və etibarlı məlumatlarla təmin oluna bilərlər.

Təəssüf ki, bəzi hallarda qadınlar bu cür maarifləndirici tətbiqlərdən və məlumatlardan istifadə etməkdənsə, doğuşdan sonrakı mərasimlərə və “parti”lərə daha çox maraq göstərirlər”.

Seçilən
48
3
aznews.az

4Mənbələr