AZ

Su çiçəyi zamanı valideynlər nələrə diqqət etməlidir? - PEDİATR AÇIQLADI

Uşaqlıq dövründə ən çox rast gəlinən yoluxucu xəstəliklərdən biri olan suçiçəyi valideynləri ən çox narahat edən mövzulardandır. Xəstəliyin nə qədər yoluxucu olduğu, uşağın nə vaxt kollektivə qayıda biləcəyi, hansı dərmanlardan istifadə olunmalı və hansılarından uzaq durmalı olduğu ilə bağlı cəmiyyətdə hələ də ziddiyyətli fikirlər mövcuddur. Xüsusilə illər ərzində tibbi yanaşmaların dəyişməsi valideynlər üçün əlavə suallar yaradır. Bəs suçiçəyi ilə bağlı müasir tibbi tövsiyələr nədir? Yoluxuculuq müddəti nə qədərdir? Müalicə zamanı diqqət edilməli məqamlar hansılardır? Bu və ya digər suallar barədə pediatr Gülnar Abdullayeva Missiya.Az-a danışıb. 

"Suçiçəyi zamanı səpkilər əmələ gəldikdən və sonuncu yeni səpki çıxandan sonra yaralar qabıqlanır. Bu mərhələdən təxminən 14 gün keçdikdən sonra uşaq artıq yoluxucu hesab edilmir. Qeyd edək ki, əvvəllər, təxminən 10 il öncəyə qədər bu müddət 21 gün hesab olunurdu. Hal-hazırda isə 14 gündən sonra uşağın kollektivə qayıtması təhlükəsiz sayılır",-pediatr bildirib.

Əlavə olaraq, xəstəlik zamanı səpkilərin qaşınması uşaqlarda narahatlıq yarada və dərinin zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən dırnaqların qısa saxlanması, dərinin təmiz və quru qalması, həmçinin həkim məsləhəti ilə sakitləşdirici təsirə malik vasitələrdən istifadə olunması vacibdir. Səpkilərin qaşınaraq zədələnməsi ikincili infeksiya riskini artıra bilər. Qeyd etmək lazımdır ki, ənənəvi üsullarla müasir vasitələr də bir-birindən fərqlənir-, Gülnar Abdullayeva bu nüanslara xüsusi olaraq toxunub.

"Xəstəliyin yayılmasının və qaşınmanın qarşısını almaq məqsədilə allergiya əleyhinə, yəni antihistamin dərmanlardan istifadə etmək olar. Əvvəllər səpkilərin üzərinə brilyant abısı (“zelonka”), qırmızı və yaşıl metilen abıları geniş şəkildə tətbiq olunurdu. Lakin müasir tibbi tövsiyələrə əsasən, bu maddələrdən istifadənin azaldılması, hətta ümumiyyətlə tövsiyə olunmaması məsləhət görülür. Həmçinin suçiçəyi peyvəndi olunmuş uşaqlarda isə xəstəlik adətən çox yüngül formada keçir, uşağın vəziyyəti rahat olur və eyni zamanda xəstəliyə qarşı güclü immunitet formalaşır",-G. Abdullayeva əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr