AZ

Bir rejim öz vətəndaşlarına qarşı zorakılıq tətbiq edirsə, burada BMT nin qərarları əsasında xarici müdaxiləyə ehtiyac var

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İran rejiminin bu qədər insanı öldürülməsi, zorakılığa məruz qoymasına müdaxilə edilməlidir. Öz vətəndaşlarına qarşı zorakılıq tətbiq edirsə, onları silah gücünə susdurursa, onları məqsədli şəkildə öldürürsə və yaxud bir rejim öz vətəndaşlarının təhlükəsizliyini qoruya bilmirsə, burada BMT-nin qərarları əsasında xarici müdaxiləyə ehtiyac var”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi təəssüflə qeyd edib ki, bu müdaxilələr sırf qınaq, diplomatik təzyiq formasındadır və bu da bir işə yaramır: “Beynəlxalq insan hüquqlarını qoruyan təşkilatlar sadəcə hesabat yayımlamaqla kifayətlənirlər. Rejimin həyata keçirdiyi bu cinayətləri sadəcə qınayıb keçməklə iş bitmir.

Digər tərəfdən Donald Tramp iddia edirdi ki, əgər İran zorakılığa əl atarsa, hərbi müdaxilə ola bilər. Sonra da Tramp dedi ki, “bizə söz veriblər ki, yüzlərlə adam edam etməli idilər, edam etməyəcəklər. Ona görə də hələlik bu iş dayanıb”. Bu da rejimi daha çox cəsarətləndirdi ki, indi daha çox öldürür”.

Sadiq İsabəyli

“İran rejiminin məhkəmə hakimiyyətinin rəhbəri Möhseni-Ejei deyir ki, “heç bir güzəşt olmamalıdır. Bu, bizə açılmış savaşın nəticəsidir. Bu, 12 günlük (İran İsrail 12 günlük savaşı) savaşın 13-cü günü sayılmalıdır və bu, bir savaşdır. Ona görə də bu savaşda iştirakçı olan kim varsa, düşmən sayılır və öldürülməlidir. Bu səbəbdən də həbs olunanlar ən ağır cəzaya məhkum olmalıdırlar”. Bilirsiniz ki, bu da ölüm hökmü deməkdir. Yəni deyir ki, "göz qırpmadan ölüm hökmünü tez verin və biz bu məsələləri tezliklə bitirək".

Sonra da “Trampla edamların dayandırılması ilə bağlı heç bir söhbət olmayıb. Burada Trampın başqa maraqları var. Amerika dövlətinin başqa maraqları var” deyə fikirlər səsləndirir”-deyə siyasi şərhçi bildirib.

“12 günlük İsrail-İran savaşında İran rejimi təbliğ elədi ki, "burada əhali İran rejiminin yanındadır" və bundan özünə bir siyasi legitimlik qazandırmağa çalışdı ki, "görürsünüz, xarici dövlətlər hücum edirsə, burada millət birləşir, hakimiyyəti müdafiə edir. Hakimiyyətdən narazı olsalar belə, yenə də xarici müdaxiləyə qarşıdılar". Bir sıra normativləri ortaya atdılar, hekayələr uydurdular. Əslində gerçəklikləri ört-basdır elədilər”-deyə siyasi şərhçi qeyd edib.

Sadiq İsabəylinin fikrincə, əgər rejim iki gecədə (8-9 yanvar) minlərlə insanı güllələyib öldürürsə, demək ki, uydurduqları məsələ həqiqət deyil: “Bu rejim öz vətəndaşlarına qarşı belə çox ciddi şəkildə qəddarlıq nümayiş etdirə bilirsə, deməli artıq hakimiyyətlə kütlə arasındakı uçurum böyükdür. Bundan sonra bu rejim də iddia edə bilməz ki, "mənim dəstəkçilərim bütün İranda yaşayan vətəndaşlardır". Bu da bəzi planlara uyğun gəlir. Müəyyən xarici dövlətlər istəyir ki, rejimin “hamı bu rejimin yanındadır” fikrinin doğru olmadığını göstərsinlər. O da sübut olundu. Bu, sonrakı xarici müdaxilə prosesində öz effektini verəcək”.

Sadiq İsabəyli bildirib ki, Tramp söz verdi, amma hücum etmədi, bunu da konkret olaraq siyasi amillərə və Amerikanın İranla bağlı planlarına bağlamaq lazımdır: “Orada etirazçıların öldürülməsi Amerika planı məsələsində hansısa işə yararlı oldu. Bu nöqteyi-nəzərdən baxmaq lazımdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
bizimyol.info

1Mənbələr