AZ

AZƏRBAYCAN TERMİNOLOGİYASININ NƏZƏRİ ƏSASLARI

Müasir dövrdə elmi-texniki tərəqqi, ictimai-siyasi həyatda baş verən dəyişmələr, sosial hadisələr yeni anlayışların yaranmasına səbəb olur və  milli dillərdə terminologiyanın nizama salınmasını zəruri edir. Elmi kəşflərlə bağlı yaranan yeni terminlərin əsas hissəsi yarandığı ölkənin, meydana gəldiyi coğrafi məkanın dili ilə bağlıdır. Bu, hər bir dilin lüğət tərkibinə təsir edir və daima yeniləşməsini və zənginləşməsini zəruri edir.  Dilin lüğət tərkibinin daim zənginləşən və inkişaf edən terminologiyası milli dilin dil vahidləri ilə yanaşı, dünya dillərinin terminlər sistemi ilə də formalaşır. Bu sistemin formalaşmasını şərtləndirən amillərin, terminoloji sistemin sferalarının təyin edilməsi, termin yaradıcılığı prosesinin  nəzəri məsələlərinin araşdırılması dilçilikdə ən aktual problemlərdəndir. Bu baxımdan filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın  “Azərbaycan terminologiyasının nəzəri əsasları” (Bakı, “Elm”, 2025, Ic, IIc. ) monoqrafiyası  Azərbaycan dilçiliyində aktual problemə həsr olunmuşdur. Əsərdə 8 fəsildə  ilk dəfə Azərbaycan terminologiyasının tədqiqi tarixi və inkişafı, dünya dilçiliyində yaranan terminoloji məktəblər, terminologiyanın ümumi nəzəri problemləri, anlayışların  yaranma səbəbləri, onların nominativləşməsi və definitivləşməsi prosesi, ümumxalq dili və termin yaradıcılığı prosesi, dillərin qarşılıqlı zənginləşmə prosesi, elmi dildə işlənən beynəlxalq işarə və simvolların xüsusiyyətləri, beynəlmiləl terminlərin yaranma mənbələri və dildə mənimsənilmə prosesinin nəzəri əsasları araşdırılmışdır. Qloballaşma dövründə terminoloji istiqamətdə  aparılan bu fundamental tədqiqatda ciddi elmi əhəmiyyət kəsb edən terminologiyanın nəzəri və praktik problemləri tədqiq olunmuşdur. Dilin lüğət tərkibi bu qatı dildə xüsusi funksiya daşıyır və həmin leksik vahidlərin mənası onların aid olduqları sahələrdə müəyyən edilir. Ona görə də monoqrafiyada bu və ya digər bilik, elm, texnika sahələrinə nüfuz edilərək bu sahələrlə bağlı anlayışlar və məfhumların işarələri, terminlərin yaranma prosesinin istiqamətləri müəyyənləşdirilmişdir.

Terminologiya, onun nəzəri və praktik problemləri oxşar dil hadisələri olmaqla sosiolinqvistik amillərlə sıx şəkildə əlaqədardır. Termin və terminologiya problemlərinin izahı ilə bağlı olan məsələlər dilçiliyi təkcə müxtəlif elm sahələrinə yaxınlaşdırmır, həm də müxtəlif zamanlardakı ictimai-siyasi dövrlərə yaxınlaşdırır. Terminologiyanın inkişafı elmlərin inkişaf tarixini özündə yaşadır və yalnız bir dildə deyil, dünyada gedən dil proseslərini özündə ifadə edir. Bu nəzərə alınaraq terminoloji qat öz mahiyyətinə, işlənmə sahələrinə və xüsusiyyətlərinə görə ümumi lüğət tərkibinə daxil olan söz qruplarından öz xüsusi mövqeyinə və roluna görə fərqləndirilir. Bu fərqli xüsusiyyətlər  onların mahiyyətini, funksiyalarını, ümumdil hadisəsi olmasını təyin etməklə anlayışların nominasiya prosesinin elm sahələrinin obyekti kimi öyrənilməsini şərtləndirir. Bunlar dilin terminoloji sisteminin formalaşma prosesi, termin yaradıcılığının forma və üsulları, mənbələri haqqında nəzəri ümumiləşdirmə yolu ilə geniş təsəvvür yaratmaqla xüsusi terminologiya üçün ümumi - nəzəri əsaslar hazırlayır. Əsərdə də termin yaradıcılığı prosesinin və onun inkişaf istiqamətlərinin təyin olunmasında ayrı-ayrı dilçilik məktəblərinin təcrübəsi təhlil olunur. Bu məktəblərin terminə, onun səciyyəvi əlamət və xüsusiyyətlərinə baxışları, ayrı-ayrı terminologiya məsələlərinin izahında onların nümayəndələrinin tutduğu mövqe, terminologiyanın qaydaya salınması və yeni terminoloji vahidlərin yaradılması istiqamətləri və ona verilən tələblərin əsas şərtləri verilmişdir. Bununla yanaşı, S. Sadıqova dil və işarə arasında əlaqə nəzəriyyəsinin xüsusiyyətlərini, dil vahidləri vasitəsilə işarələnən konseptlərin linqvistik təhlilini aparmışdır. Nəzəriyyəyə görə müəyyənləşdirilən konseptlər məntiqi və ontoloji ardıcıllığa görə bir-biri ilə əlaqələndirilir. 

Praktik terminologiya sahəsində adlandırma və konsept münasibəti arasında əlaqə əsas götürülərək müəyyənləşdirilir ki, bir konsept bir termini təyin edərək onu işarələyir. Terminoloji sistemdə adlandırmada konnotativ vasitələr əsas hesab edilərək dilin statik, dəyişməz, sinxron vəziyyəti əsas götürülür və  terminin ifadə etdiyi anlayış elm və texnikanın inkişafı ilə əlaqədar yaranan terminlərin standartlaşdırılması, birmənalı vahidlərlə ifadəsi, konsept və terminlərin toplusu kimi qiymətləndirilir. Terminlərin qeyri-dəqiqliyi, anlayışı dəqiq ifadə etmə yolları, standart olmaması, polisemiya və sinonimiya məsələləri ilə bağlı problemlərin həlli yollarının metodologiyası verilmişdir. Əsərdə Kanada məktəbinin, eləcə də Fransada Ruan məktəbinin, E.Vüster məktəbinin əsas müddəaları təhlil edilərək terminologiyanın inkişaf yolları  konseptual şəkildə müəyyənləşdirilmişdir. Terminologiyada konsept və termin arasındakı əlaqələr, sözün sərhədlərinin aydın təsvir edilməsi, mənanın təyini üçün onun anlayışlar əhatəsində sərhədlərinin müəyyənləşdirilməsi, sözün konnotativ deyil, denotativ mənası, terminlərin təkmənalılığı prinsipindən çıxış edərək terminlərin bütün dillərdə ekvivalentliyi, beynəlxalq terminologiyanın təşkili kimi məsələlər şərh olunmuşdur. Dildə terminə verilən tələblər, terminologiya üçün qüsurlu hesab edilən sinonimlik, omonimlik, çoxmənalılıq və s. problemlərin səbəbləri araşdırılmışdır. Terminlərin yaranmasında normativ yanaşmanın əsasında dayanan əsas problem kimi terminə qoyulan ilkin tələblər və adlandırma prosesi ilə bağlı nəzəri qaydalar işlənilib hazırlanmışdır. Terminoloji sistemin formalaşmasında standartlaşma yolları təyin edilərək dilin lüğət tərkibinin zənginləşmə yolları müəyyən edilmişdir. Xüsusilə ilk dəfə terminoloji sistem və onun əsasını təşkil edən terminin başqa dil vahidlərindən fərqli xüsusiyyətləri, formal-struktur təhlili, ayrı-ayrı suffiksal modelləri, adlandırma imkanları müəyyənləşdirilmişdir.

Elmi-texniki, ictimai-iqtisadi və mədəni həyatın müxtəlif sahələrində baş verən yeniliklərin adlandırılmasında dilin daxili imkanları əsas götürülmüşdür. Elmi dildə işlənən işarə və simvolların spesifikası müəyyənləşdirilir, termin yaradıcılığı prosesi, isimlər və digər əsas nitq hissələrinin terminləşməsi öz şərhini tapır. Azərbaycan ədəbi dilində terminlərin yaranma yolları, müasir Azərbaycan ədəbi dilində terminlərin yaranma üsulları, terminologiyada abreviaturalar məsələləri ayrı-ayrılıqda şərh olunmuşdur. Termin yaradıcılığında semantik, morfoloji, sintaktik və kalka üsulları da ətraflı şəkildə tədqiq edilmiş, faktiki materiallarla izahı verilmişdir. Ümumiyyətlə, elmi terminologiyanın inkişafında xalq dilinin əsas mənbə, tükənməz qaynaq olması və dilin daxili imkanlar əsasında termin yaradıcılığı yolları və üsulları zəngin milli dil faktları ilə təhlil olunmuşdur. Uzun tarixi inkişaf yolu keçmiş Azərbaycan dilinin terminoloji sisteminin zənginləşməsində dildaxili imkanlar, xüsusən ümumişlək və dialekt sözlərin terminləşməsi,  onların ayrı-ayrı elm sahələrində leksik, morfoloji, sintaktik üsulla yaranması nəzəri cəhətdən müxtəlif istiqamətdən tədqiq olunmuşdur. Qeyd edilir ki, terminologiyada işlənən terminlərin mühüm bir hissəsini mürəkkəb terminlər və leksik birləşmələr şəklində olan termin-söz birləşmələri təşkil edir. Bu, nəzərə alınaraq istər mürəkkəb terminlərin, istərsə də termin-söz birləşmələrinin yaranma yolları, strukturu, komponentlər arasındakı semantik əlaqələr, nitq hissələri ilə ifadə olunması zəngin dil faktları ilə nəzəri baxımdan araşdırılmışdır.

Tədqiqatda alınma terminlərin yaranma mənbələri, dildə mənimsənilmə formaları və unifikasiya problemləri nəzəri aspektdə tədqiq edilərək qeyd edilir ki, hazırda dillərdə alınma terminin adekvat verilmə tendensiyası fəallaşmışdır. Avropa mənbəli terminlərin təsnifatı, sistemləşdirilməsi elmi-texniki terminologiyanın normalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Məhz təsnifat əsasında terminlərin reseptor dildə assimilyasiyası - alınan leksik vahidlərin maddi formasının fonetik, qrafik, qrammatik və leksik-semantik xarakteristikasını alan dilin müvafiq normasına yaxınlaşması yolu ilə mənimsənilməsi, milli dilin tələblərini ödəməsi və konkret olaraq hansı formada dilə qəbul edilməsi amilləri müəyyənləşdirilmişdir. Qeyd edilir ki, alınma terminin dilin fonetik və morfoloji normalarına formal şəkildə uyğunlaşması, dilin müxtəlif funksional üslublarında işlənməsi, dilin söz yaradıcılığı qaydalarına uyğun gəlməsi, onların mənimsənilmə dairəsi təyinetmənin əsas meyarlarıdır. Milli terminlərlə yanaşı, dilin lüğət tərkibini zənginləsdirən alınma terminlər yeni müstəvidə  tədqiqat obyekti olmuşdur. S.Sadıqova tərəfindən termin yaradıcılığının yolları və mənbələri nəzəri aspektdən araşdırılaraq müəyyənləşdirilir ki, hər bir dildə, o cümlədən də Azərbaycan dilində terminlərin yaranması prosesi əsasən iki istiqamətdə gedir. Zəngin faktlarla əsaslandırılır ki, Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşmışdır. Alınmalar bir proses kimi müvafiq növlərə ayrılır və bunlar müqayisəli şəkildə təhlil edilir. İlk təşəbbüs olaraq dil əlaqələri, qarşılıqlı təsirlə bağlı yaranan anlayışların adlandırılması və dildə nəzəri interpretasiyasının yolları verilir. Müəyyənləşdirilir ki, alınma elementlər Azərbaycan dili terminologiyasında yeni sözlər yaradan vasitə deyildir və Azərbaycan dilinin söz yaradıcılığı arsenalına da daxil ola bilmirlər. Çünki Avropa mənbəli termin elementləri prefiks və suffiks terminlərlə birlikdə dilə daxil olur. Onlar müxtəlif sistemli dillərdə bu və ya digər anlayışın eyni modelli terminlə verilməsində milli dildə təsviri, izahı dəqiq və qısa leksemlə əvəz etməkdə mühüm rol oynayırlar. Termin elementlərdən düzələn beynəlmiləl terminlər konkret bir dilə mənsub olsalar da dünya dillərinə çox sürətlə yayılıb və qəbul edilirlər. Monoqrafiyada Avropa mənbəli alınma terminlərin təsnifatı, onların alınma amilləri, genealoji tərkibi verilir.

Alınma terminlər içərisində xüsusi yer tutan beynəlmiləl terminlər ayrıca tədqiqat və təhlil obyektinə çevrilir. Hər bir terminin müəyyən definisiya əsasında təyininin zəruriliyi, termini anlayışdan fərqləndirən, onu digər məfhumlardan ayıran meyarlar əsasında adlandırılması, definisiyasının sahə anlayışlarının iyerarxik yerləsmə xüsusiyyətini pozmadan verilməsinin əhəmiyyəti elmi faktlarla şərh olunur. Bu da terminin istər başqa dildən alınması, istərsə dilin öz imkanları hesabına yaradılması zamanı onun anlayışı ifadəetmə imkanlarının dəqiq nəzərə alınmasını özündə birləşdirir. Belə bir xüsusiyyət terminin elm və texnikanın müxtəlif sahələrində məntiqi cəhətdən dəqiq formalaşmış spesifik anlayışları ifadə etməsi tələbinin yerinə yetirilməsini gerçəkləşdirir.

Monoqrafiyada terminlərin alınmasını yaradan səbəblər, alınma terminlərin yaranma mənbələri, terminlərin alınma yolları araşdırılmış, Azərbaycan dilində alınma terminlər mənşəyinə görə qruplasdırılmısdır. Beynəlmiləl terminlər, onların struktur-semantik xüsusiyyətləri, qoşa terminlər, terminologiyada alınmaların leksik-funksional paralelliyi, Azərbaycan dilində alınma terminlərin semantikası məsələləri təyin edilir və deformativ və konservativ termin elementlər fərqləndirilərək, onların hər birinin izahı verilir. Avropa mənbəli terminlərin təsnifatı, sistemləsdirilməsi elmi-texniki terminologiyanın normaya salınmasında mühüm əhəmiyyətə malikdir. Məhz təsnifat əsasında terminlərin reseptor dildə assimilyasiyası alınan leksik vahidin maddi formasının fonetik, qrafik, qrammatik və leksik-semantik xarakteristikasını alan dilin müvafiq normasına yaxınlaşması yolu ilə mənimsənilməsi, milli dilin tələblərini ödəməsi və konkret olaraq hansı formada dilə qəbul edilməsi amilləri müəyyənləşdirilmişdir. Mənimsəmə prosesində alınan terminin alan dilin fonetik və morfoloji normalarına formal şəkildə uyğunlaşması, dilin müxtəlif funksional üslublarında işlənməsi, dilin söz yaradıcılığı qaydalarına uyğun gəlməsi, dilin terminləri ilə birləşmələr yaratması, alınma sözün mənimsənilmə dairəsinin təyinetmənin əsas meyarları xarakterizə edilmişdir. Geniş və çoxcəhətli problemləri özündə ehtiva edən bu əsər dilçiliyimiz üçün dəyərli bir mənbədir. Əsər ədəbi dilin müxtəlif aspektdən tədqiqinə, nəzəri qənaətlərin və müddəaların formalaşdırılmasına istiqamət verir. Azərbaycan filologiyasında əhatə dairəsi və yüksək elmliyi ilə seçilən, poliqrafik baxımdan da yüksək səviyyədə nəşr olunan bu monoqrafiya Azərbaycan dilçiliyi üçün əhəmiyyətli bir əsərdir.

Əbülfəz Quliyev,

AMEA Naxçıvan Bölməsinin

İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun direktoru,

filologiya elmləri doktoru, professor,   AMEA-nın müxbir üzvü

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr