AZ

AŞPA institusional böhran içərisindədir - Partiya sədri

“Avropa Şurası Parlament Assambleyasınınqış sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnamə bu qurumun uzun illərdir nümayiş etdirdiyi ikili standartlar siyasətinin növbəti açıq təzahürüdür. Bu sənəd obyektiv təhlilə deyil, siyasi sifarişlərə əsaslanır və Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları qəsdən görməzdən gəlir”.

Bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, AŞPA bu yanaşması ilə erməni separatizminə və terrorçu fəaliyyətlərə uzun illər göstərdiyi siyasi himayəni yenə açıq şəkildə nümayiş etdirmiş oldu.

“Rəsmi Bakının sülh sazişinə yönəlik təşəbbüsləri, regional kommunikasiyaların açılması ilə bağlı irəli sürdüyü konstruktiv mövqe sənəddə əksini tapmır. Bunun əvəzinə, artıq öz aktuallığını itirmiş keçmiş hadisələr üzərindən siyasi manipulyasiya aparılır. Qətnamədə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı real və ardıcıl addımlar tamamilə nəzərə alınmır.Qurum regionda sülh və sabitliyə töhfə vermək əvəzinə, revanşist dairələrin maraqlarına xidmət edən mövqe sərgiləyir ki, bu da onun beynəlxalq vasitəçi statusuna ciddi zərbə vurur”.

Sədr bildirib ki, bu durum əslində digər gerçəkliyi də ortaya çıxarır: AŞPA və bu statusda olan digər beynəlxalq təşkilatların nüfuz və etimad itkisilə üz-üzə olduğunu. AŞPA, Avropa Parlamenti və hətta BMT kimi beynəlxalq strukturlar bu gün özləri ciddi siyasi və institusional böhran içərisindədirlər. Qərarların qəbulunda prinsipiallıq və ədalət meyarları deyil, ayrı-ayrı siyasi mərkəzlərin maraqları əsas götürülür.Qlobal çağırışlara adekvat cavab verə bilməyən bu strukturların davranışı Avropanın daxilində genişmiqyaslı sistem böhranının olduğunu bariz göstərir”.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirir ki, bu qurumların real problemlərə göz yumması, əvəzində isə süni gündəmlər formalaşdırması onların dünyadan və geosiyasi reallıqlardan nə dərəcədə uzaq düşdüyünü açıq şəkildə göstərir:

“Məhz bu səbəbdən, AŞPA və digər beynəlxalq platformaların qəbul etdiyi qərəzli qətnamələr artıq ciddi siyasi sənəd deyil, Avropanın daxilində mövcud olan dərin sistem böhranının təzahürü kimi qiymətləndirilməlidir. Bu böhran təkcə ayrı-ayrı institutların deyil, bütövlükdə Qərb siyasi modelinin funksionallığı ilə bağlı suallar yaradır”.

Seçilən
25
3
aznews.az

4Mənbələr