AZ

Canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 24 dekabr 2025-ci il tarixli qərarının qəbul olunması ilə əvvəllər məhkəmə mübahisələrinin tənzimlənməsində geniş tətbiq olunan "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 1999-cu il 14 may tarixli plenum qərarı qüvvədən düşmüşdür.

Milli.Az xəbər verir kİ, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilir ki, əvvəlki plenum qərarından fərqli olaraq yeni qərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsi toxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatə olunmuşdur:

Ləyaqət fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir.

Şərəf fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir.

İşgüzar nüfuz isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir.

İşgüzar nüfuzun subyekt dairəsi genişləndirilmiş, hüquqi şəxslər və fərdi sahibkarlardan başqa, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də bu kateqoriyaya aid edilmişdir.

İşgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır.

Fiziki şəxslər işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə həm mənəvi, həm də maddi zərərin kompensasiyasını tələb edə bildikləri halda, hüquqi şəxslər mənəvi zərər tələb edə bilməz. Onların işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlə nəticələnə bilər.

Şəxsin şərəfi və işgüzar nüfuzu məlumat, ifadə və ya hərəkətlərlə ləkələnə bilər. Şəxsin şərəf və ləyaqətini ləkələyən ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsidir. Şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar həm şifahi, həm də yazılı (mətn, şəkil, karikatura, audio, video və s.) ola bilər.

Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi 3 halın birlikdə mövcudluğu ilə şərtləndirilir: birincisi, məlumat, təhqiramiz ifadə və ya hərəkət şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməli; ikincisi, belə məlumat, ifadə və ya hərəkət yayılmış olmalı; üçüncüsü, ləkələmə məlumatın yayılması ilə bağlıdırsa, həmin məlumat yalan olmalıdır.

İşgüzar nüfuzu ləkələyən məlumatlar həm də üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş olmalıdır.

Şərəf və işgüzar nüfuzdan fərqli olaraq, ləyaqətin alçaldılması yayılma olmadan da mümkündür. Yəni, yuxarıda göstərilən məlumat, ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsin özünə bildirdildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə və bu əsasla mülki iddia irəli sürülə bilər.

Şəxsin barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirliliyini bildirən məlumatların yayılması və ya şəxsə bildirilməsi qadağandır və bu hərəkətlər təqsirsizlik prezumpsiyasını pozur. Bu hüququn müdafiəsi və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququn qarşısını almır.

Bir şəxsin qarşı tərəfin ünvanına etdiyi tənqid, bildirdiyi qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar pozuntu hesab edilmir. Bu zaman məlumat müəllifin subyektiv qiymətləndirməsini özündə əks etdirməlidir və hansısa faktı təsvir etməməlidir. (məsələn, bir şəxsin əyləncə mərkəzlərinin birində aldığı qidanın satış qiymətinin ona görə baha olduğunu bildirməsi tənqid və mülahizə hesab edilməklə işgüzar nüfuzu alçaltmır. Lakin şəxsin əyləncə mərkəzində əslində ucuz satış qiyməti olan qidaların turistlərə dəfələrlə baha qiymətə satıldığını, vergini isə ucuz satış qiymətinindən ödədiyini, bununla da vergidən yayındığı barədə həqiqətə uyğun olmayan faktları bildirməsi işgüzar nüfuzu alçaldan məlumat hesab edilir). O da qeyd edilməlidir ki, məlumatda faktlar təsvir edilməsə belə, şərəf və ləyaqəti alçaldan tərzdə, yəni istehzalı, təhqiredici formada ifadə edilərsə, qəsdən, pis niyyətlə (şəxsin cəmiyyətdə və ya kollektivdə nüfuzdan salınması və s.) və ya qarşı tərəfə zərər yetirmək məqsədi ilə işlədilərsə şərəf, ləyaqət, işgüzar nüfuzun ləkələnməsinə səbəb ola bilər.

Bundan başqa, hər kəsin özünün pozulmuş hüquqlarının bərpası məqsədilə digər şəxsin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətləri səlahiyyətli aidiyyəti orqana ünvanlamaq hüququ var. Belə müraciətlər də şərəf və ləyaqəti alçaltmır və işgüzar nüfuzu ləkələmir. Lakin belə müraciətlərin məzmunu aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilməməlidir və müraciətlər onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalıdır. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədilə qonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək, onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununla yanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalan məlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlı şəxsin məsuliyyəti istisna olunsa da, ikinci hissəsi qarşı tərəfin şərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaqdır.

Plenum qərarında ilə ilk dəfə olaraq publik şəxslər digər fiziki şəxslərdən fərqləndirilmişdir. Publik şəxslərin fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çox dözümlülük nümayiş etdirməli olması bəyan edilmiş, bununla yanaşı onların tərəf olduğu mübahisələr üzrə işlərə baxılarkən diqqətə alınmalı məqamlara aydınlıq gətirilmişdir.

Yuxarı qurumlara və ya aidiyyəti orqanlara publik şəxslərdən edilmiş şikayət xarakterli müraciətlər, habelə media subyektlərində və ya sosial şəbəkələrdə yayılmış tənqidi fikirlər (fəaliyyətləri ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək formada görünməsi mümkündür) də mülki hüquq pozuntusu hesab edilmir. Lakin belə müraciət və fikirlər də aşkar surətdə şərəf və ləyaqəti alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilməməli, aşkar surətdə şərəf və ləyaqəti alçaldan məlumatlar və ya təhqiredici ifadələr, habelə, şəxsin publik səlahiyyətləri ilə bağlı olmayan yalan, ittihamedici məlumat və ifadələr olmamalıdır.

Əvvəlki plenum qərarından fərqli olaraq, yeni qərarda yayılma halına yeni anlayış verilmiş və ilk dəfə olaraq yayılma zamanı media subyektlərinin roluna, onların məsuliyyətinə də aydınlıq gətirilmişdir.

Yayılma məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsidir.

Plenum qərarında yayılmanın audio-video yazı və yaxud canlı yayım vasitəsi ilə baş verməsindən asılı olaraq media subyektlərinin məsuliyyəti də fərqləndirilmişdir: yayılma audio-videoyazı yolu ilə edilmişsə, birmənalı olaraq media subyekti məsuliyyət daşıyır.

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən yayılma canlı efirdə baş verdikdə media subyektinin məsuliyyəti istisna edilir. Bu normada canlı efir dedikdə əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan, yalnız bir canlı yayımda efirə getmiş çıxış başa düşülməlidir.

Əgər çıxışlar mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarında yayımlanırsa, artıq bu norma tətbiq olunmayacaq və bu halda media orqanı məsuliyyət daşıyacaq. Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı zaman media subyekti yalnız o halda məsuliyyət daşımayacaq ki, canlı efirə çıxacaq şəxsləri səsləndirəcəkləri ifadə və məlumatlara, habelə yol verəcəkləri hərəkətlərə görə müvafiq qaydada məsuliyyət daşımaları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etsin.

Şərəf və ləyaqəti, işgüzar nüfuzu alçalan şəxs pozuntunun təsbit edilməsi, pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi), pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.) və digər üsulların tətbiq edilməsi məqsədilə məhkəmədə iddia qaldıra bilər.

Təkzib ən azı iki nəfərin yanında yayılmış şəxsin şəxsiyyət hüquqlarını pozan məlumatların həqiqətə uyğun olmadığı barədə bəyanatdır. Təkzibin mətni və verilmə üsulu iddia tələbinin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən müəyyənləşdiriləcək.

Məlumatın silinməsi və düzəlişi isə yalnız rəqəmsal platformalarda mümkündür, bu səbəbdən də bu üsulun çap mediasında dərc olunmuş məlumatlara tətbiq edilməyəcək.

Hər bir şəxsin onun barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlara cavab vermək, yəni, özünün münasibətini ifadə etmək hüququ vardır və bu imkan yaradılmadığı halda şəxsin tələbi əsasında müdafiə üsulu kimi tətbiq edilə bilər.

Fiziki şəxslərin məcburi üzr istəməsi şərəf və ləyaqətin müdafiəsi üsulu kimi uzun müddət mübahisə mövzusu olmuş, həm hüquq ictimaiyyəti, həm də məhkəmələr arasında bu məsələ ilə fikir ayrılığı mövcud olmuşdur. Belə ki, bir qism hüquqşünaslar üzr istənilmənin bəzi hallarda ən effektiv müdafiə üsulu olduğunu əsas gətirsələr də, əks fikir daşıyıcıları fiziki şəxsin üzr istəməyə məcbur edilməsinin özünü elə həmin şəxsə münasibətdə şərəf və ləyaqəti alçaldan davranış hesab etmişlər.

Yeni qəbul edilmiş plenum qərarı ilə üzr istəmə ilə bağlı vahid mövqe sərgilənmiş və yekun olaraq qeyd edilmişdir ki, Konstitusiyanın 24 və 46-cı maddələrində şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunması bəyan edilərək, şəxsin insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalması qadağan edilmişdir. Bu səbəbdən də üzr istənilmənin qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki və hüquqi şəxslərə münasibətdə tətbiqi yolverilməzdir.

Xüsusi olaraq qeyd edilməlidir ki, fiziki şəxs edilmiş hər hansı əmələ görə (mülki, inzibati, inzibati xəta, cinayət və digər) öz iradəsinə zidd şəkildə heç bir fiziki, hüquqi şəxs və ya dövlət orqanı tərəfindən üzr istənilməyə məcbur edilə bilməz. Belə məcburetmə insan ləyaqətini alçaldan rəftar hesab olunmaqla, şəxsə mənəvi zərərin vurulmasına səbəb ola bilər. Bu əsasla iddia irəli sürülərsə, məcburetmənin mövcudluğunun müəyyən edilməsi zamanı şəxsin üzr ifadə edərkən bunu könüllü etməsinə dair bildirdikləri kifayət olmayacaq, üzrün icra edilməsi yeri, şəraiti, həmin vaxt şəxsin emosional-psixoloji vəziyyəti, habelə işin digər halları nəzərə alınacaq.

Digər tərəfdən, üzr istəmənin könüllü və ya məcburi olmasından asılı olmayaraq, üçüncü şəxslər və ya orqanlar tərəfindən media subyektlərində, sosial şəbəkələrdə və ya digər vasitələrlə yayımlanması hüquqazidd olmaqla, kütləvilik baxımından həmin şəxsə daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər.

Qanunla nəzərdə tutulmuş istisna halları isə "Media haqqında" və "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" qanunlar təşkil edir.

Belə ki, "Media haqqında" Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektlərinin üzərinə üzr istəmək vəzifəsi qoyula bilər. Bu zaman nəzərə alınmalıdır ki, bu halda iddiaya cavab verməli olan şəxs kimi audiovizual (televiziya, radio yayımı və s.), çap (qəzet, jurnal və s.), onlayn (veb-sayt və s.) media redaksiyaları deyil, media subyektinin özü çıxış edir. Belə iddialar üzrə məhkəmə tərəfindən üzr istəmək vəzifəsi media subyekti olan fiziki və ya hüquqi şəxsin üzərinə qoyulsa da, üzr subyektin özünün deyil, həmin məlumatın yayıldığı müvafiq media redaksiyasının adından verilməlidir.

"Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Qanunla isə bu orqanların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istənilə bilər.

Ayxan
Milli.Az

Seçilən
64
50
milli.az

10Mənbələr