AZ

“Azərbaycan mədəniyyəti - 2040” sessiyası keçirilir

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına həsr olunmuş məlumatlandırma sessiyası keçirilir. 

"Cebheinfo.az" xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclis sədrinin müavini, millət vəkili Rafael Hüseynov, akademik Nizami Cəfərov, kulturoloq Fuad Məmmədov, ARKA-nın rəhbəri Rəşad Əzizov, nazirin müşaviri Cəsarət Valehov və Mədəniyyət Nazirliyinin digər rəsmiləri iştirak edirlər. 

Sessiya çərçivəsində “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasının əsas prioritetləri, strateji hədəfləri və uzunmüddətli inkişaf istiqamətləri barədə ətraflı məlumat verililib. 

Bildirilib ki, Konsepsiya mədəniyyəti altı əsas sahə üzrə təsnif edir: Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs. 

Qeyd olunub ki, Mədəniyyət Konsepsiyası səkkiz fəaliyyət istiqaməti üzrə, altı sahəvi dövlət proqramı vasitəsilə və üç mərhələdə icra olunacaq. 

Birinci mərhələ 2026–2030, ikinci mərhələ 2031–2035, üçüncü mərhələ isə 2036–2040-cı illəri əhatə edir. Həmçinin əlavə edilib ki, birinci mərhələdə institusional islahatların aparılması həyata keçirilməsi planlaşdırılır.

 Bu islahatlar mədəniyyətin cəmiyyət həyatında rolunun gücləndirilməsinə və sahənin müasir çağırışlara uyğun inkişafına yönəlib. Konsepsiyada mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, Azərbaycan mədəniyyət dəyərləri üzrə fənlərin tədrisinin genişləndirilməsi əsas prioritetlər sırasında yer alır. Regionlarda mədəni turizmin inkişafı və mədəni irsə uyğun infrastrukturun yaradılması da diqqət mərkəzindədir.

Sənəddə gənclərin yeni və keyfiyyətli mədəni məhsullar yaratması üçün dəstək proqramlarının icrası, mədəniyyət sahələrində nəsillərarası dialoqun təşviqi nəzərdə tutulur. Eyni zamanda xaricdə təhsil proqramları vasitəsilə peşəkar kadr hazırlığının gücləndirilməsi planlaşdırılır.

İslahatlar çərçivəsində mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi, vahid kommunikasiya siyasətinin formalaşdırılması, dövlət mədəniyyət müəssisələrinə işə qəbul qaydalarının təkmilləşdirilməsi də hədəflənir.

Dövlət–özəl tərəfdaşlığı əsasında innovativ və inklüziv mədəniyyət məkanlarının yaradılması, milli kino fondunun və dövlət TV-radio arxivlərinin rəqəmsallaşdırılması əsas istiqamətlərdəndir. Bununla yanaşı, əlilliyi olan şəxslər üçün mədəni tədbirlərə əlçatanlığın təmin edilməsi Konsepsiyanın vacib sosial məqsədlərindən biri kimi müəyyən edilib. 

"Cebheinfo.az"

Seçilən
8
14
cebheinfo.az

10Mənbələr