Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
“ABŞ-İran qarşıdurması hərbi əməliyyatlar fazasına keçərsə, neft və qazın qiymətlərində kəskin artım müşahidə oluna bilər”.
Bu fikirləri Gununsesi.info -açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.
İqtisadçını fikrincə, hərbi əməliyyatlar qısa müddətli olarsa, neftin bir barili üçün qiymət 5–10 dollar arta bilər:
“Əgər əməliyyatlar uzun müddətli fazaya keçərsə, İran Hörmüz boğazını bağlama qərarına gələ bilər ki, bu da neft və qazın qiymətlərini daha da kəskin artıracaqdır.
Neftin bir barili üçün qiymət 100–150 dollar arta bilər. Təbii ki, bu senarilər yalnız hərbi əməliyyatlar genişləndikdə mümkündür. Hörmüz boğazı dünya iqtisadiyyatı və ticarəti üçün çox önəmli bir məkan hesab olunur.
Dünya neft ixracının 20%-i, sıxılmış qaz ixracının isə 25%-i Hörmüz boğazından keçir. Bu enerji resursları əsasən Asiya və Avropa bazarlarına ixrac olunur. Sıxılmış qazın 85%-i Çin, Cənubi Koreya, Yaponiya, Hindistan kimi inkişaf etmiş ölkələrə gedir”.
Samir Heydərov əlavə edib ki, neft və qazın qiymətinin artması həmin ölkələrdə inflyasiya təzyiqini gücləndirəcək:
“Neft ixrac edən ölkələr üçün isə bu artım faydalı olacaq, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Rusiya, Qazaxıstan və qismən Azərbaycan üçün. Lakin neft və qaz idxal edən ölkələrdə iqtisadi problemlər dərinləşəcək, xüsusilə yüksək enerji qiymətləri səbəbindən Avropa ölkələri ciddi çətinliklərlə üzləşəcək və iqtisadi böhran daha da dərinləşəcək”.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda başlayan kütləvi etirazlara milli valyuta – İran rialının kəskin ucuzlaşması səbəb olub. Narazılıqlara cavab olaraq İran hakimiyyəti nəzarət tədbirlərini sərtləşdirib, etirazçılara qarşı gözyaşardıcı qaz və travmatik silahlardan istifadə edib. Tehran baş verən iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb.
Şəbnəm Rəhimova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.