Bu gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib.
Moderator.az-ın xəbərinə görə, Fərhad Abdullayev bildirib ki, ötən il Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisə - İkinci Qarabağ müharibəsində tarixi Zəfərin beşinci və müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin otuzuncu ildönümü kimi qeyd edilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamını rəhbər tutaraq Konstitusiya Məhkəməsi hesabat ili ərzində bir sıra tədbirlər həyata keçirib.
Sədr xüsusilə vurğulayıb ki, Konstitusiyanın 30 illik yubileyinə həsr olunan 16 iyul və 12 noyabr tarixlərində keçirilən beynəlxalq konfranslar və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi ötən ilin yaddaqalan hadisələrindəndir. Qeyd olunub ki, Konqres çərçivəsində Türk dövlətləri arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən, türk dövlətlərinin konstitusiya müvafiq orqanları arasında hüquqi əməkdaşlığın vacibliyini əks etdirən “Bakı Bəyannaməsi” imzalanıb. Həmçinin, Azərbaycan Konstitusiya Məhkəməsi ilə Türkiyə Konstitusiya Məhkəməsi, eləcə də Azərbaycan Konstitusiya Məhkəməsi ilə İraq Federal Ali Məhkəməsi arasında Anlaşma memorandumları imzalanıb.
Fərhad Abdullayev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi respublikamızın bütün ərazisində bərqərar edilib. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib, beynəlxalq hüquq normaları və təməl prinsiplərin aliliyi təmin edilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və böyük Qələbəmizin 5 illiyi təkcə bir tarix deyil, həm də məsuliyyət çağırışıdır. Qarşımızda duran vəzifə - Əsas Qanunun dəyərlərini qorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.
Sədr qeyd edib ki, ötən il dövlətimizin konstitusiya dəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda qazandığı nailiyyətlərin rəmzi ifadəsi kimi ölkə başçısı tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Sərəncamın icrasına uyğun Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər Konstitusiya Məhkəməsinin sədri tərəfindən təltif ediliblər.
Qeyd olunub ki, ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları və məhkəmələrin müraciətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh edib, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktik izahlar verib.
Nəzərə çatdırılıb ki, hazırda Konstitusiya Məhkəməsi daxilində tətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb. Yeni sistem informasiya təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqla yanaşı bir sıra əsas vəzifələri də həyata keçirəcək, internetə çıxış olmadan süni intellektdən istifadə etməklə məlumatların çevik axtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlar arasında operativ sənəd mübadiləsinin təşkili iş prosesini xeyli sadələşdirəcək.
İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin, Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.
Sədr yekun nitqi ilə çıxış edərək diqqətə çatdırdı ki, Konstitusiya Məhkəməsi müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq. Bildirilib ki, Konstitusiya Məhkəməsi qanunvericiliyin müasir sosial-siyasi reallıq baxımından Konstitusiyanın hərfi mənasına və ruhuna uyğun şəkildə inkişafına töhfəsini verəcəkdir.
Daha sonra 2025-ci ilin yekunlarına dair geniş fikir mübadiləsi aparılıb, eləcə də, səsləndirilən rəy və təkliflər dinlənilib.
Hesabat iclasının sonunda Fərhad Abdullayev 2025-ci ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Aparatın əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələr verib.