AZ

Lavrovun mesajı: Qafqaz əldən gedir

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə mediasına verdiyi müsahibədə Cənubi Qafqazla bağlı səsləndirdiyi fikirlər ilk baxışdan konstruktiv və diplomatik görünə bilər. Lakin mətnin alt qatında Moskvanın regionla bağlı dərin narahatlığının izləri açıq şəkildə hiss olunur. Bu narahatlıq təkcə Gürcüstanın 3+3 formatında iştirak etməməsi ilə bağlı deyil, problem daha geniş və strateji xarakter daşıyır.

Lavrovun “bu, bizim ortaq qonşuluğumuzdur” ifadəsi təsadüfi deyil. Bu cümlə ilə Moskva Cənubi Qafqazı hələ də xüsusi təsir dairəsi kimi gördüyünü xatırladır. Halbuki regionda baş verən son proseslər göstərir ki, bu yanaşma artıq reallıqla uzlaşmır.

Əriməyən “buzlar”: Moskva–Bakı münasibətləri…
Lavrovun açıqlamalarında sezilən əsas məqam odur ki, Moskva Azərbaycan və Ermənistanın son illərdə yürütdüyü çoxvektorlu xarici siyasəti hələ də tam qəbul edə bilmir. Xüsusilə Bakı ilə bağlı narazılıq açıq şəkildə hiss olunur. Azərbaycan regional və qlobal aktorlarla münasibətlərini balanslı şəkildə quraraq Rusiyanın eksklüziv təsir modelindən kənara çıxıb.

Bu isə Kremlin alışdığı siyasi arxitekturaya ziddir. Moskva postsovet məkanında manevr imkanlarını itirdikcə, bunu “təhlükəsizlik”, “sabitlik” və “tarixi məsuliyyət” kimi anlayışlarla pərdələməyə çalışır. Lavrovun sözlərindəki incə tənqid də məhz bu kontekstdə oxunmalıdır.

Əsl narahatlıq isə Ankara–Bakı xəttinin gücə çevrilməsidir
Moskvanın əsas narahatlığı təkcə Bakı deyil. Əsas qorxu Ankara-Bakı tandeminin getdikcə daha güclü regional mərkəzə çevrilməsidir. Türkiyə artıq Cənubi Qafqazda sadəcə marağı olan tərəf deyil, eyni zamanda proseslərin formalaşdıran gücdür. Azərbaycan isə bu prosesdə

Ankaranın strateji dayağı rolunu oynayır.
Kreml yaxşı anlayır ki, digər xarici aktorlardan fərqli olaraq, Türkiyənin bölgədəki mövqeyi yalnız siyasi və ya hərbi faktorlarla məhdudlaşmır. Bu xətt: ortaq tarix, dil və mədəniyyət, enerji və nəqliyyat dəhlizləri, təhlükəsizlik əməkdaşlığı üzərində qurulub və davamlıdır.
Məhz buna görə də Moskva Ankaranı postsovet məkanında artıq ikinci dərəcəli oyunçu yox, birbaşa rəqib kimi qəbul edir.

Türk dünyası faktoru və Moskvanın hesablaması
Kremlin narahatlığının daha dərin qatında isə başqa bir reallıq dayanır: Türk dünyasının siyasi inteqrasiyası potensialı. Ankara–Bakı xətti təkcə Cənubi Qafqazla məhdudlaşmır. Bu xətt Mərkəzi Asiyaya, oradan isə daha geniş Avrasiya coğrafiyasına uzanır.
Rusiya Federasiyasının öz daxilində  yetərincə türkdilli respublikalar, vilayətlər, milyonlarla türkdilli və müsəlman əhali mövcuddur. Moskva anlayır ki, bu faktor gələcəkdə Ankaranın Avrasiyada yumşaq gücünü və təsir imkanlarını artıran əsas elementlərdən birinə çevrilə bilər. Bu, hərbi təhlükə deyil, amma strateji perspektivdə Kreml üçün daha təhlükəli hesab olunur.

3+3 formatı: Moskvanın nəzarəti qoruma cəhdi
Lavrovun 3+3 formatını vurğulaması da təsadüfi deyil. Bu platforma Moskva üçün regionda oyundan kənarda qalmamaq vasitəsidir. Gürcüstanın iştirakdan imtinası isə Rusiyanın bu mexanizm üzərindən tam nəzarət qurmaq planlarını çətinləşdirir.
Azərbaycan və Türkiyə üçün 3+3 formatı əməkdaşlıq platformasıdırsa, Rusiya üçün bu format daha çox təsirini institusionallaşdırmaq cəhdidir. Məhz bu fərqli yanaşmalar Moskva ilə Bakı-Ankara xətti arasında görünməyən gərginliyin əsas səbəblərindəndir.

Lavrovun müsahibəsi göstərir ki, Moskva Cənubi Qafqazda baş verən geosiyasi transformasiyanı hələ də tam həzm edə bilməyib. Region artıq bir mərkəzdən idarə olunan periferiya deyil. Güc balansı dəyişir və bu dəyişiklikdə Ankara–Bakı xətti əsas rol oynayır.
Kreml üçün problem Cənubi Qafqazı itirmək deyil, problem onu keçmişdəki kimi saxlaya bilməməkdir. Bu reallıq isə Moskvanın narahatlığını daha da dərinləşdirir.
 
Mürtəza

Seçilən
58
22
olke.az

10Mənbələr