"Ermənistan XİN başçısı Ararat Mirzoyanın Avropa Şurası Parlament Assambleyası tribunasından səsləndirdiyi "Azərbaycanla sülh artıq realdır" açıqlamadı diplomatik optimizmdən çox, geosiyasi manevr cəhdidir. Özəlliklə də "yaxın aylar" ifadəsi diqqəti cəlb edir - bu, bir taktiki pauza təsiri bağışlayır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Mirzoyan əslində üç yönə oynayır:
- Qərbə "sülh tərəfiyik" ismarıcı verir,
- bizə prosesin guya geridönməz olduğunu sırımağa çalışır,
- özləri üçünsə konstitusiya düyününü açmaq üçün vaxt qazanır.
Məsələ aydındır: Ermənistan Konstitusiyası dəyişmədən sülh sazişinin ratifikasiyası mümkün deyil. Deməli, "yaxın aylar" ya seçkilərdən öncə riskli referendum, ya da seçkilərin müxtəlif bəhanələrlə uzadılması deməkdir. Hər iki halda söhbət sülhdən daha çox, hakimiyyətin siyasi sağ qalma planından gedir.
"Azərbaycan üçün isə necə deyərlər, vaxtın adı yoxdur. Burada əsas ölçü niyyət yox, hüquqi sonucdur. Konstitusiyada dəyişiklik yoxdursa, bəyanatlar sadəcə beynəlxalq auditoriya üçün tamaşa sayıla bilər", - deyə yazar əlavə edib.
Türkoloq qeyd edib ki, Mirzoyanın "yaxın aylar"ı erməni hökumətinin məsuliyyətdən yayınmaq üçün istədiyi son möhlətdir; yəni hələ sülhün yaxınlaşması anlamına gəlmir. Bu, sülhün sözünü edib, özünü ertələyən zehniyyət üçün sanballı, qalıcı uduş vəd edirmi? - Məncə, yox!
Lamiyə Cəbrayılova