AZ

Cənubi Koreya Vyetnamdan qadınların “idxalı” ideyasına görə üzr istəyib

Məmurun səsləndirdiyi təklif diplomatik narazılığa səbəb olub və rəsmi Seul tənqid olunan ifadəni qəbuledilməz adlandırıb...

Poliqon xəbər verir ki, Cənubi Koreyanın Cənubi Çolla vilayətinin rəhbərliyi Vyetnam hökumətindən və Vyetnam xalqından rəsmi şəkildə üzr istəyib. Buna səbəb ötən həftə Cindo (Jindo) dairəsinin meri Kim Hi Sunun kənd yerlərində doğum səviyyəsini artırmaq məqsədilə Vyetnam və ya Şri-Lankadan gənc qadınların “gətirilməsi” barədə səsləndirdiyi fikir olub. AFP agentliyinin məlumatına görə, merin bu açıqlaması yerli mediada yayıldıqdan sonra geniş ictimai rezonans doğurub və diplomatik narazılığa yol açıb.

Kim Hi Su bələdiyyə binasında keçirilən iclasda “kənd yerlərində yaşayan gənclərin evlənə bilməsi üçün Vyetnamdan və ya Şri-Lankadan gənc qadınları idxal etməliyik” ifadəsini işlədib. Bu sözlər Vyetnamın Seuldakı səfirliyinin sərt reaksiyasına səbəb olub və səfirlik rəsmi şikayət təqdim edib.

Yaranmış qalmaqalı yumşaltmaq məqsədilə Cənubi Çolla vilayətinin hökuməti açıqlama yayımlayaraq üzrxahlıq edib. Bəyanatda bildirilib ki, Cindo merinin səsləndirdiyi qeyri-münasib ifadə Vyetnam xalqını və qadınları dərin şəkildə incitmişdir. Vilayət rəhbərliyi vurğulayıb ki, “idxal” sözünün işlədilməsi insan ləyaqətini pozur, qadınları obyektləşdirir və heç bir halda əsaslandırıla bilməz.

Mer Kim Hi Su da ayrıca üzr istəyərək, uyğun olmayan termin seçdiyini etiraf edib və fikirlərinin yanlış anlaşıldığını bildirib.

Qeyd edək ki, Cənubi Koreya dünyada doğum səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Rəsmi statistikaya görə, ölkə hakimiyyəti son illərdə qadınları daha çox uşaq dünyaya gətirməyə təşviq etmək və əhalinin sayını sabit saxlamaq üçün milyardlarla dollar vəsait xərcləyib. Proqnozlara əsasən, mövcud azalma tempi davam edərsə, əsrin sonuna qədər Cənubi Koreyanın əhalisi təxminən iki dəfə azalaraq 26,8 milyon nəfərə enə bilər.

Poliqon.info

Seçilən
191
poliqon.info

1Mənbələr