AZ

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR - Növbəti aydan...

Azərbaycan Prezidenti əmək pensiyalarının və pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalayıb. Bununla da 2026-cı ildə əmək pensiyalarının artırılması rəsmiləşdirilib.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib

Deputat Vüqar Bayramovun sözlərinə görə, artımlar həm əmək pensiyası alan vətəndaşları, həm də pensiya kapitalını əhatə edir:

"Pensiya artımları 2025-ci ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq həyata keçirilir. Bu artıma ötən il reallaşdırılan sosial paket, o cümlədən minimum əməkhaqqının 400 manata çatdırılması mühüm təsir göstərib.

Əmək pensiyasının bütün növləri - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar indeksləşdirilərək artırılıb. Yəni əmək pensiyası alan hər bir vətəndaşın pensiya məbləğində artım olacaq. İndeksləşdirmə faizi pensiyanın tam məbləğinə şamil edilir və vətəndaşlar aldıqları pensiyanı həmin faizə vurmaqla artımı asanlıqla hesablaya bilərlər.

Ödənişlərə gəlincə, artımlar 2026-cı il yanvarın 1-dən qüvvədədir. Yanvar ayı üçün artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Yəni vətəndaşlar fevralda iki ayın artımını eyni vaxtda alacaqlar. Yanvar pensiyasının artımsız ödənilməsi yalnız sərəncamın sonradan imzalanması ilə bağlıdır".

Vüqar Bayramov əlavə edib ki, pensiya kapitalı da inflyasiya səviyyəsinə uyğun indeksləşdirilərək artırılıb:

"Pensiya kapitalı gələcək pensiya məbləğinin əsas göstəricisi olduğu üçün bu addım vətəndaşların gələcəkdə daha yüksək pensiya almasına imkan yaradacaq. Qeyd edək ki, pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği hesablanır.

Həm əmək pensiyalarında, həm də pensiya kapitalında artımlar vətəndaşların sosial təminatının gücləndirilməsinə xidmət edir və 2026-cı ildə sosial dəstək tədbirlərinin davam etdiriləcəyini göstərir".

Orxan Hüseyn

Seçilən
81
1
far.az

2Mənbələr