AZ

​Bizi utandır, Nəriman!

Nəriman getdi. Həm də çox uzağa. Okeanın o tayına. Çoxlarımızın adını eşidib üzünü ekranlardan gördüyümüz ölkəyə. Çoxlarının adını eşidəndə əsməcə tutduğu, yuxusunu qarışdırdığı dövlətə. ABŞ-a getdi. Eşidirsiniz, ABŞ-a!Əslən Lənkərandan olan, amma Bakıda doğulan, bu transferə kimi “Qarabağ”da oynayan Nəriman bundan sonra ABŞ təmsilçisi "Kolumbus Kru" klubunun şərəfini qoruyacaq. Təkcə üzvü olduğu komandanın deyil, həm də Azərbaycanın şərəfini qoruyacaq... Sözsüz ki, Nəriman istedadlı futbolçudur. Əgər yerin altını yerin üstü qədər yaxşı bilən amerikalılar Nərimandakı istedadı, bacarığı, əzmkarlığı kəşf etməsəydilər, onu öz ölkələrinə aparmazdılar. ABŞ-da 348 milyon adam yaşayır. Bu ölkədə yüz minlərlə futbolçu var. Əgər bizim Nəriman rəqabətdə onları üstələyib "Kolumbus Kru" klubunun diqqətini cəlb edə bilibsə, ona “sağ ol” düşür. Ən azı ona görə ki, 22 yaşlı bu cavan oğlan uzaq, qərib diyarda Azərbaycanı tanıdacaq. Dünyada futbol oynayan adamların statistikası bəlli deyil. Afrikanın cəngəlliklərində cavanlar ya qaban qovur, ya da top. Sonra o topçular dönüb olurlar dünya ulduzu. Dünənə kimi oynamaq üçün top tapmayanlar bu gün qazandıqları pulların hesabına topdağıtmaz mülklər alırlar... Yəqin ki, Nəriman bizdən inciyib. Cəmi bir-iki matçda nümayiş etdirdiyi zəif oyunu ona bağışlamadıq. Əvvəlki oyunlarda vurduğu qollara görə başımızın üstünə qaldırdığımız bu gənc futbolçunu oradan yerə çırpdıq. Yazıq Nəriman haradan bilsin ki, bu, bizim “dədə-baba xüsusiyyətimizdir”... Bəzən özümüzü elə aparırıq ki, sanki futbolu ilk dəfə ulu babalarımız oynayıb. Sanki Pele Saatlıda, Maradona Tovuzda doğulub. Bəzən o qədər eyforiyaya qapılırıq ki, Ronaldonu zərdablı, Messini cəbrayıllı sanırıq. Sonra da Nərimandan Ronaldonun sürətini, Messinin texnikasını tələb edirik. İstədiyimiz olmayanda da deyinirik... Yolun açıq olsun, Nəriman! Dualarımız səninlədir. ABŞ-da bizi uğurla təmsil et. Dəqiq zərbələrlə tez-tez rəqib qapıçıları məyus et. Vuracağın qollar həm də bizi məyus edəcək. Çətin gündə sənə arxa-dayaq durmadğımız üçün əməlli-başlı utanacağıq... Bizi utandır, Nəriman! Biz utandıqca, sən ucalacaqsan. Səninlə birlikdə Azərbaycan futbolu da ucalacaq...

Seymur Vaqifoğlu, xüsusi olaraq Metbuat.az üçün.

Seçilən
24
7
metbuat.az

10Mənbələr